main-post-cover

    Redmi Note 13, Note 13 Pro və Note 13 Pro+ təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    21.09.2023
    Emil Nəcəfov
        Xiaomi şirkəti Çində baş tutmuş təqdimat tədbiri çərçivəsində Redmi Note 13 smartfon seriyasını təqdim etdi. Sözügedən seriyaya 3 smartfon modeli daxil oldu. Redmi Note 13, Note 13 ProNote 13 Pro+. Təqdim edilmiş bu smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəsələr də, bəzi texniki göstəricilər baxımından fərqlənirlər. Qeyd etmək lazımdır ki, Redmi Note 13 smartfonlarının qlobal versiyalarının təqdimatları gələn ilin əvvəli üçün gözlənilir.
        İlk öncə adi Redmi Note 13-ə nəzər yetirək. Redmi Note 13 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2460x1080 piksel keyfiyyətli 6.67 düym LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir və onun yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Üstəlik ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Smartfonun gövdəsi isə IP54 standartı üzrə sudan qorunmaya sahibdir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
        Smartfon özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Lakin kontaktsız ödənişlər üçün NFC çipinin dəstəyi mövcud deyil. Əsas texniki göstəricilərə gəldikdə isə Redmi Note 13 smartfonu MediaTek Dimensity 6080 prosessoru, 6/8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 108 MP + 8 MP2 MP ikili arxa kamera, 16 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışır. Redmi Note 13 artıq gələn həftə Çin bazarında satışa çıxacaq. Onun Çin bazarındakı qiymətləri isə aşağıdakı kimi olacaq.
    - 6 GB RAM + 128 GB yaddaş - 165$
    - 8 GB RAM + 128 GB yaddaş - 175$
    - 8 GB RAM + 256 GB yaddaş - 205$
    - 12 GB RAM + 256 GB yaddaş - 230$.
        İndi isə Redmi Note 13 Pro ilə Note 13 Pro+ modellərinə nəzər yetirək. Bu smartfonlar öz aralarında bəzi texniki göstəricilər ilə yanaşı həm də bir dizayn özəlliyi üzrə fərqlənirlər. Belə ki, Redmi Note 13 Pro modeli yastı ekrana sahib olduğu halda Redmi Note 13 Pro+ modeli kənarları əyilmiş dizayna sahib ekranı əldə edib. Redmi Note 13 Pro+ modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.67 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit təşkil edir və o, Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub.
        Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Üstəlik Redmi Note 13 Pro+ modelinin gövdəsi flaqman smartfonların gövdələri kimi IP68 standartı üzrə sudan qorunur. Bu modelin ekranının daha bir fərqləndirici özəlliyi ondadır ki, o, yaş barmaqların toxunuşlarına problemsiz şəkildə reaksiya verir. Redmi Note 13 Pro+ həmçinin özündə stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon MediaTek Dimensity 7200 Ultra prosessoru, 12/16 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 200 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Adi Redmi Note 13 Pro modelinə gəldikdə isə o, Snapdragon 7s Gen 2 prosessoru vasitəsilə çalışır.
        Bununla yanaşı adi Redmi Note 13 Pro modeli özündə 8/12/16 GB RAM-ı, 128/256/512 GB daxili yaddaş həcmini və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareyanı birləşdirir. Üstəlik Redmi Note 13 Pro+ modelindən fərqli olaraq Note 13 Pro-nun gövdəsi IP54 standartı üzrə sudan qorunur. Digər özəlliklər baxımından smartfonlar eynidirlər. Redmi Note 13 Pro ilə Note 13 Pro+ modelləri gələn həftə Çində satışa çıxacaqlar. Onların Çin bazarındakı satış qiymətləri isə aşağıdakı kimi olacaq.
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib Redmi Note 13 Pro+ - 274$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib Redmi Note 13 Pro+ - 300$
    - 16 GB RAM-a və 256 GB yaddaşa sahib Redmi Note 13 Pro+ - 315$
    - 8 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi Note 13 Pro - 205$
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib Redmi Note 13 Pro - 219$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib Redmi Note 13 Pro - 246$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib Redmi Note 13 Pro - 274$
    - 16 GB RAM-a və 512 GB yaddaşa sahib Redmi Note 13 Pro - 287$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər