Roblox istifadəçi itirir: yaş yoxlamaları artımı dayandırır
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Roblox platformasının gündəlik aktiv istifadəçi sayı son aylarda azalmağa davam edir. Şirkətin açıqladığı son maliyyə hesabatına görə, hazırda Roblox-un dünya üzrə gündəlik aktiv istifadəçi sayı 132 milyona düşüb. Bu göstərici ilin əvvəlində 144 milyon, 2025-ci ilin üçüncü rübündə isə 152 milyon idi. Beləliklə, platforma son 6 ayda təxminən 20 milyon istifadəçi itirib.
Şimali Amerika bazarında da geriləmə müşahidə olunur. ABŞ və Kanadada aktiv istifadəçi sayı əvvəlki rüblə müqayisədə 1 milyon azalıb. Buna baxmayaraq, şirkətin maliyyə göstəriciləri zəifləməyib və gəlirlər 1,4 milyard dollara yüksəlib.
Roblox rəhbərliyi bildirir ki, istifadəçi artımının zəifləməsinin əsas səbəblərindən biri platformada tətbiq olunan yeni yaş yoxlama sistemidir. Bu sistem yeni istifadəçilərin qeydiyyatını və platformaya qoşulmasını daha çətinləşdirərək artım tempinə mənfi təsir göstərib. Bundan əlavə, 2025-ci ilin dekabr ayında Rusiyada Roblox-un qadağan edilməsi də istifadəçi sayının azalmasına səbəb olub.
Şirkət son dövrlərdə təhlükəsizlik siyasətini daha da sərtləşdirib. Artıq istifadəçilər yaş kateqoriyalarına uyğun olaraq fərqli oyunlara çıxış əldə edir. Roblox yaxın rüblərdə bu istiqamətdə əlavə dəyişikliklərin ediləcəyini açıqlayıb və bu səbəbdən 2026-cı il üçün ümumi artım proqnozlarını aşağı salıb.
Paylaş