Logo
    main-post-cover

    ROG və Xreal-in 240Hz yenilənmə sürətinə sahib AR gaming eynəkləri ön sifarişə açıldı

    Cihazlar+
    15.05.2026
    Sevinj
        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, CES 2026 sərgisində ilk dəfə təqdim olunan Asus ROG və Xreal əməkdaşlığının məhsulu olan yeni R1 Gaming AR Glasses artıq qlobal şəkildə ön sifariş üçün satışa çıxıb. Gaming üçün xüsusi optimallaşdırılan bu artırılmış reallıq (AR) eynəyi yüksək yenilənmə sürəti və böyük virtual ekran təcrübəsi ilə diqqət çəkir.
       İstifadəçilər məhsulu hazırda Best Buy vasitəsilə 849 dollar qiymətinə ön sifariş edə bilərlər. Xreal-in rəsmi onlayn mağazasında isə sifarişlər mayın 17-dən başlayacaq. Best Buy üzərindən ilk çatdırılmaların mayın 25-də başlaması planlaşdırılır.
         Xreal və Asus tərəfindən hazırlanan R1 Gaming AR Glasses istifadəçiyə havada 171 düymlük virtual ekran görüntüsü təqdim edir. Eynəyi gaming handheld cihazlara, Xbox konsollarına və ya oyun kompüterlərinə qoşmaq mümkündür.
        Şirkətin açıqlamasına görə, R1 modeli “240Hz yenilənmə sürətinə sahib dünyanın ilk və ən sürətli AR eynəyi” hesab olunur. Müqayisə üçün qeyd olunur ki, hazırkı bəzi rəqib gaming AR eynəkləri maksimum 120Hz yenilənmə sürəti təqdim edir. Bu isə xüsusilə sürətli oyunlarda daha axıcı görüntü və daha rahat oyun təcrübəsi vəd edir.
         Model həmçinin real vaxtda 2D görüntünü 3D formatına çevirmə funksiyasını dəstəkləyir. CES 2026 zamanı cihazı test edən jurnalistlər görüntü keyfiyyəti, rəng dəqiqliyi və axıcılığın gözləniləndən daha yaxşı olduğunu bildiriblər. Eynəyin uzun istifadədə narahatlıq yaratmayan yüngül dizaynı da diqqətçəkən məqamlardan biri olub.
    Paylaş