
Sam Altman, OpenAI tərəfindən hazırlanan süni zəka əsaslı cihaz barəsində məlumat verib
Cihazlar+
22.05.2025
Emil
OpenAI-nin baş direktoru Sam Altman ötən gün şirkət əməkdaşları ilə görüş keçirib və bu görüşdə Apple-ın keçmiş baş dizayneri Jony Ive ilə birlikdə hazırladıqları cihaz haqqında ümumi məlumat verib. Bu, süni zəkaya əsaslanan tamamilə yeni tipli bir cihaz olacaq və insanla gündəlik həyatda yol yoldaşı kimi fəaliyyət göstərəcək bir köməkçi kimi təqdim edilir. Wall Street Journal yazır ki, cihazdan 100 milyon ədəd istehsal olunması planlaşdırılır. Məlum olduğu kimi, OpenAI şirkəti Jony Ive-ın təsis etdiyi io adlı startapı alıb. Altman bildirib ki, bu layihə sayəsində OpenAI-nin indiyədək həyata keçirdiyi ən böyük işlərdən biri baş tuta bilər. Jony Ive bu layihə üzərində işləməyə davam edəcək və ona yaradıcılıq və dizayn baxımından tam sərbəstlik veriləcək. Altman-ın fikrincə, 6.5 milyard dollar dəyərində alınmış bu şirkət, OpenAI-nin ümumi dəyərini gələcəkdə 1 trilyon dollara qədər artırmağa kömək edə bilər.

İki lider üzərində işlədikləri cihazı qısa şəkildə təsvir ediblər. Bu cihaz tam şəkildə sahibinin ətraf mühitinə və həyatına uyğunlaşacaq, gözəçarpmaz qalacaq, lakin insanların MacBook və iPhone-dan sonra masaya qoyduqları üçüncü cihaz olacaq. Bu, smartfon olmayacaq. Altman və Ive insanların ekrana baxmaq vərdişindən uzaqlaşmasını istəyirlər. Həmçinin bu cihaz ağıllı eynək də olmayacaq. Üstəlik, Ive ümumiyyətlə taxıla bilən elektronikalara qarşı skeptik yanaşdığını bildirib. Ive “dizaynda yeni bir istiqamət” müəyyən edəcəyinə söz verib. Altman cihaz ailəsindən bəhs edib və Apple-ın aparat və proqram təminatını inteqrasiya edən yanaşmasına simpatiyasını ifadə edib. O həmçinin qeyd edib ki, ciddi gizlilik şəraitində işləmək çox vacibdir, çünki rəqiblərin cihazı bazara çıxmadan əvvəl kopyalamasının qarşısı alınmalıdır.

Ive-ın komandası artıq təchizatçılarla əməkdaşlıq imkanlarını müzakirə edib. Bir tərəfdən, cihazın ilk gündə 100 milyon ədəd istehsalı planlaşdırılmır, digər tərəfdən isə, ehtiyac yarandıqda bu miqdarı rekord müddətdə istehsal edə biləcək imkan yaradılacaq. Bu inqilabi cihazın gələn ilin sonuna qədər təqdim ediləcəyi gözlənilir. Bu layihə Altman-ın OpenAI-nin bir çox sahədə mövcudluğunu genişləndirmək istəyi ilə üst-üstə düşür. Bu sahələrə məlumat emalı mərkəzləri, korporativ həllər, çat-botlar, şəxsi robotlar və daha çoxu daxildir. Apple və Google-un mobil cihazlar bazarındakı aydın dominantlığı nəzərə alındıqda, OpenAI və ona bənzər şirkətlər üçün istifadəçiyə birbaşa çıxış əldə etməyin yeganə yolu öz cihazını yaratmaqdır. OpenAI-nin məhsullar üzrə vitse-prezidenti Peter Welinder 1.5 il əvvəl Jony Ive-ın layihəsinə qoşulub və keçən payızda hər iki tərəf bu cihazdan çox həyəcanlanıb.

Əvvəlcə plan bu idi ki, Ive OpenAI-nin texnologiyası əsasında öz cihazını istehsal etsin, lakin daha sonra Altman belə bir formatın uğurlu olmayacağını düşünərək layihənin uğuru üçün şirkətlərin birləşməsinin vacib olduğunu qərara alıb. Çünki bu cihaz sadəcə bir aksesuar deyil, istifadəçi ilə OpenAI arasındakı münasibətin mərkəzi elementi olacaq. “Biz hər ikimiz o fikirdən həyəcanlandıq ki, əgər sən ChatGPT-yə abunə olursansa, biz sadəcə sənə yeni bir kompüter göndəririk və sən ondan istifadə edirsən” - deyə Altman layihənin əsas ideyasını ifadə edib. Altman və Ive qərara gəliblər ki, mövcud cihaz növləri bu məqsədə uyğun deyil. ChatGPT insanların müasir texnologiyaların imkanları barədə təsəvvürlərini kökündən dəyişib, lakin platforma ilə işin formatı hələ də köhnədir: İnsan noutbuku götürür, saytı açır, nəsə yazır və cavabı gözləyir. Altman sonda belə deyib: “Bu, süni zəkanın nələrə qadir olduğunu göstərən elmi-fantastika tərzindəki xəyal deyil. Halbuki düşünürəm ki, bu modellər belə möcüzələri reallaşdıra bilər”.
Paylaş
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
