Logo
    main-post-cover

    Sam Altman: “Yeni AI cihazı həyatımıza sakitlik gətirəcək”

    Cihazlar+
    25.11.2025
    Sevinc
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Sam Altman şirkətin hazırladığı yeni süni intellekt cihazının insanlara ilk baxışdan “sadə və sakit” təsir bağışlayacağını deyib. Altman və cihazın dizaynını yaradan, Apple-ın keçmiş baş dizayneri Jony Ive bu barədə San-Fransiskoda Emerson Collective-in illik tədbirində danışıb.
        OpenAI və Ive-in birgə üzərində işlədiyi cihaz barədə çox az detal açıqlanıb. Lakin məlum olan odur ki, cihaz ekransız, cib ölçüsündə və sadə istifadəyə yönəlmiş olacaq. Bu, OpenAI-ın bu il Ive-in dizayn şirkəti “io”nu alması ilə daha da sürətlənən bir layihədir. Altman yeni cihazın ruhunu təsvir edərkən müasir telefon və proqramların insanları daim bildirişlər, səslər və vizual qarışıqlıqlarla narahat etdiyini bildirib. Onun sözlərinə görə, bugünkü texnologiyalar insanlara sakitlik deyil, əksinə diqqət dağınıqlığı gətirir.
        O, iPhone-u indiyə qədər istehsal edilmiş ən uğurlu istehlak cihazı adlandırsa da, artıq diqqəti dağıtmayan yeni məhsullara ehtiyac olduğunu deyir. Altman OpenAI-ın cihazını isə dağların arasında göl kənarındakı sakit bir evdə oturmaq kimi bir təcrübə olduğunu bildirib. Yeni AI cihazı istifadəçinin həyatını uzunmüddətli şəkildə tanıyacaq, lazımsız məlumatları filtrdən keçirəcək və yalnız uyğun anda məlumat verəcək. Bu da istifadəçiyə texnologiya ilə daha təbii və stresssiz qarşılıqlı əlaqə imkanı yaradacaq.
        Jony Ive də cihazın 2 ildən tez istifadəyə veriləcəyini doğrulayıb və sadə görünüşlü, amma dərin məhsullar yaratmağı sevdiyini bildirib.
    Paylaş