Samsung Bixby-ni yenilədi
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Samsung uzun müddətdir mobil virtual köməkçilər bazarında geri planda qalan Bixby-ni yenidən diqqət mərkəzinə gətirmək istəyir. Şirkət One UI 8.5 beta ilə birlikdə Bixby-nin yenilənmiş versiyasını təqdim edib və artıq köməkçi “conversational agent”, yəni danışıq əsaslı süni intellekt kimi işləyir.
Yeni versiyada istifadəçilər artıq konkret əmrləri və ya ayar adlarını əzbərləməli deyillər. Sadəcə istədiklərini adi danışıq dili ilə ifadə etmək kifayətdir. Məsələn, “Ekran baxdığım müddətdə sönməsin” desəniz, Bixby avtomatik olaraq “Keep Screen on While Viewing” funksiyasını aktivləşdirəcək. Eyni zamanda, istifadəçi sual formasında müraciət etdikdə də köməkçi alternativ həllər təqdim edə bilir. Məsələn, “Telefonum cibimdə olanda niyə ekran sönmür?” sualına Bixby mümkün səbəbləri və uyğun həll variantlarını göstərəcək.
Yenilənmiş Bixby artıq internetdə aktual məlumatlara da çıxış əldə edib. İstifadəçilər brauzer açmadan birbaşa Bixby interfeysi üzərindən veb axtarış nəticələrini görə biləcəklər. Hazırda yeni versiya yalnız Cənubi Koreya, Almaniya, Hindistan, Polşa, Böyük Britaniya və ABŞ-də istifadəyə verilib. Samsung yaxın gələcəkdə funksiyanı digər ölkələrə də təqdim etməyi planlaşdırır.
Paylaş