
Samsung da Google kimi öz cihazlarını 7 il ərzində dəstəkləməyi planlaşdırır
Google şirkəti keçən həftə təqdim etmiş olduğu Pixel 8 smartfonlarında software dəstəyi üzrə yeni standartı təyin etdi. Belə ki, Pixel 8 smartfonları 7 il ərzində əməliyyat sistemi və təhlükəsizlik yenilənmələrini əldə edəcəklər. İndi isə məlum olub ki, Samsung şirkəti də öz cihazları üçün bu cür dəstək standartı üzərində çalışır. Bu barədə məlumatı Samsung-un Mobile Experience şöbəsinin baş mühəndisi və meneceri Shin-Chul Baik təqdim edib. İlk öncə qeyd etmək lazımdır ki, söhbət, Samsung cihazları üçün dəqiq şəkildə olacaq 7 illik Android yenilənməsindən getmir. Shin-Chul Baik mobil cihazların təhlükəsizliklərindən cavabdeh olan komandaya daxildir.
O bildirib ki, Samsung bəzi cihazlarında reallaşdırdığı 5 illik təhlükəsizlik dəstəyi müddətinin bitməsindən sonra onlar üçün təhlükəsizlik yenilənmələrinin təqdim olunması prosesinin necə uzadılması üzrə aktiv müzakirələr aparır. Bu mövzuda bir faktı nəzərə almaq lazımdır. Samsung şirkəti Google deyil. Onun portfoliosunda bir-iki smartfon deyil, aktual seriyalar üzrə yüzlərlə smartfon mövcuddur. Bura həmçinin planşetləri də əlavə etmək lazımdır. Nəticədə Samsung öz cihazları üçün hər il çoxlu sayda proqram təminatı yenilənməsi təqdim edir. Çox güman ki, şirkət gələcəkdə Google kimi öz cihazlarını 7 il ərzində dəstəkləyəcək və həmin müddətin 5 ili Android yenilənməsinə ayrılacaq.
Paylaş
Bənzər xəbərlər