Samsung-dan yeni təqdimat: Galaxy S26 FE gəlir
Samsung avqustun 27-də növbəti Galaxy Event tədbirini keçirəcəyini açıqlayıb. Şirkət tədbirdə Galaxy S26 seriyasına yeni modelin qoşulacağını təsdiqləsə də, cihazın adını hələlik rəsmi şəkildə açıqlamayıb. Gözləntilərə görə, söhbət Galaxy S26 FE modelindən gedir. Samsung adətən flaqman Galaxy S seriyasının daha münasib qiymətli FE (Fan Edition) versiyasını əsas modellərdən ayrıca təqdim edir. FE modelləri qiymət baxımından flaqmanlardan daha əlçatan olsa da, Samsung-un orta seqment smartfonlarından daha yuxarı mövqedə qərarlaşır.
Şirkətin açıqlamasına görə, avqustun 27-də təqdim ediləcək yeni Galaxy S26 modeli seriyanın əsas imkanlarını özündə birləşdirəcək. Buraya kamera funksiyaları, süni intellekt imkanları və One UI interfeysinin ən son versiyası daxildir. İndiyədək yayılan məlumatlara əsasən, Galaxy S26 FE 6,7 düymlük AMOLED ekranla təchiz ediləcək. Ekranın Full HD+ təsvir ölçüsünə və 120 Hz yenilənmə tezliyinə sahib olacağı bildirilir.
Smartfonun Exynos 2500 prosessoru ilə işləyəcəyi gözlənilir. Kamera sisteminə isə 50 MP əsas kamera, 12 MP ultra genişbucaqlı kamera və 8 MP telefoto kameranın daxil olacağı iddia edilir. Samsung-un yeni Galaxy cihazının təqdimatı 27 avqust saat 16:00-da Bakı vaxtı ilə başlayacaq. Tədbir Samsung-un rəsmi saytı və YouTube kanalı vasitəsilə canlı yayımlanacaq.
Paylaş
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...