Samsung əməkdaşları 18 günlük tətilə hazırlaşır
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Cənubi Koreyada Samsung şirkəti böyük əmək narazılığı ilə üz-üzə qalıb. Şirkətin ölkədəki işçi qüvvəsinin təxminən 38 %-ni təşkil edən, 48 minə yaxın əməkdaş mayın 21-dən etibarən 18 günlük tətil keçirməyə hazırlaşır.
Məlumata görə, şirkət ilə ən böyük həmkarlar ittifaqı arasında aparılan danışıqlarda müəyyən məsələlər üzrə razılıq əldə olunsa da, əsas mübahisə bonus ödənişləri ilə bağlı yaranıb. Tətilə qoşulacaq işçilərin əksəriyyətinin şirkətin yaddaş çipləri bölməsində çalışdığı bildirilir. Məhz bu bölmə Samsung-un əsas gəlir mənbələrindən biri hesab olunur. Şirkət 2026-cı ilin ilk rübündə bu seqment üzrə 53,7 trilyon von (təxminən 35,6 milyard dollar) əməliyyat mənfəəti əldə edib.
Samsung isə həmkarlar ittifaqının tələblərini “qəbulolunmaz” adlandırıb və bildirib ki, bu şərtlərin qəbul edilməsi şirkətin idarəetmə prinsiplərinə mənfi təsir göstərə bilər. İttifaq isə rəqib SK hynix şirkətinin əməkdaşlarının ötən il daha yüksək bonuslar aldığını qeyd edir.
Paylaş