
Samsung flaqman Galaxy smartfonlarında Snapdragon prosessorlarından istifadəyə davam edəcək
Samsung şirkətinin Galaxy S24 smartfon seriyasında müxtəlif prosessorlardan istifadə praktikasını geri qaytarmasına baxmayaraq o, Snapdragon prosessorlarından imtina etmək niyyətində deyil. Qualcomm şirkəti 2023-cü ilin 4-cü rübü üzrə maliyyə nəticələrini elan edən zaman bildirib ki, Snapdragon prosessorlarının Samsung cihazlarında istifadəsi mövzusunda olan müqavilənin müddəti iki şirkət tərəfindən uzadılıb.
Qualcomm bildirib ki, o, 2024-cü ildən başlayaraq Galaxy seriyasının flaqman smartfonlarında Snapdragon prosessorlarının istifadəsi müqaviləsinin müddətini Samsung ilə uzadıb. Lakin bu o demək deyil ki, Samsung Galaxy seriyasının flaqman smartfonlarında özünün Exynos prosessorlarından imtina edəcək. Bəzi məlumatlara əsasən şirkət Galaxy S25 smartfon seriyası üçün 3 nanometrlik Exynos 2500 prosessorunu hazırlayır. Gözləntilərə əsasən sözügedən prosessor özündə Cortex-X5, Cortex-A720, Cortex-A530 nüvələrini və Xclipse 950 qrafik çipini birləşdirəcək.
Paylaş