Samsung Galaxy A18 4G smartfonu sələfindən 50% baha satışa çıxa bilər
“Samsung Galaxy A18 4G” smartfonunun dizaynı, texniki göstəriciləri və ehtimal olunan qiyməti təqdimatdan əvvəl məlum olub. Sızmaya əsasən, cihazın başlanğıc qiyməti 300 avro olacaq (təxminən 590 manat). Bu, əvvəlki “Galaxy A17 4G” modelinin satışa çıxdığı qiymətdən xeyli yüksəkdir. Yeni smartfon görünüş və texniki imkanlar baxımından sələfinə çox bənzəyəcək.
Smartfonun ekranında ön kamera üçün damcı formalı hissə, aşağı tərəfdə isə qalın çərçivə qalacaq. Arxa paneldə şaquli düzülmüş 3 kamera yerləşəcək. Sağ kənardakı güc və səs səviyyəsi düymələri korpusdan bir qədər qabarıq olacaq. Model qara, açıq mavi və gümüşü rənglərdə satışa çıxarılacaq. Cihazın ölçüləri 164,4 x 77,9 x 7,7 mm, çəkisi isə 193 qram olacaq. IP64 sertifikatı korpusun tozdan və su sıçramalarından qorunduğunu göstərir.
“Galaxy A18 4G” 6,7 düymlük Full HD+ AMOLED ekranla gələcək. Ekranın 90 Hz yenilənmə tezliyi səhifələrin sürüşdürülməsini və animasiyaları daha axıcı göstərəcək. Ekranı “Gorilla Glass Victus” şüşəsi qoruyacaq.
Smartfon “MediaTek Helio G99” prosessoru və 4 GB RAM ilə işləyəcək. Daxili yaddaş üçün 128 GB və 256 GB variantları gözlənilir. Yaddaşı microSD kartı vasitəsilə artırmaq da mümkün olacaq.
Cihazda 5000 mAh tutumlu batareya olacaq və 25 Vt naqilli şarj mümkün olacaq. Arxa tərəfdə f/1.8 diafraqmalı 50 MP əsas kamera yerləşəcək. Onu daha geniş görüntülər çəkmək üçün 5 MP ultra genişbucaqlı kamera və yaxın məsafədən çəkilişlər üçün 2 MP makro kamera tamamlayacaq. Simsiz bağlantı imkanlarına Wi-Fi 5 və Bluetooth 5.3 daxildir.
“Galaxy A17 4G” 2026-cı ildə satışa çıxıb. “Samsung” bu seriyanı hər il yeniləməyə davam edir. Əvvəlki model satışa çıxarkən 200 avroya (təxminən 400 manat) təklif olunub. Hazırda onun qiyməti 160 avro (təxminən 320 manat) səviyyəsindədir.
Oxşar texniki göstəricilərə sahib “Galaxy A18 5G” versiyasının da 4G modeli ilə yaxın vaxtda satışa çıxacağı gözlənilir. Hər 2 smartfonun dəqiq təqdimat tarixi hələ açıqlanmayıb.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...