
Samsung şirkəti Galaxy A seriyasına daxil olacaq yeni smartfonlardan biri olan Galaxy A34 5G-ni planlaşdırılan müddətdən daha öncə anons edib. Qeyd etmək lazımdır ki, sözügedən smartfon 16 mart tarixində təqdim edilməli idi. Lakin şirkət smartfon barəsində məlumatları artıq öz saytında yerləşdirib. Beləliklə şirkətin rəsmi saytındakı məlumatlara əsasən Galaxy A34 5G modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Ful HD+ keyfiyyətli 6.6 düym Super AMOLED ekran ilə təchiz olunub.
Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib. Bundan əlavə olaraq barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Əsas texniki göstəricilər baxımından smartfon 6 nanometrlik MediaTek Dimensity 1080 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 48 MP + 8 MP + 5 MP üçlü arxa kamera, 13 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
Galaxy A34 5G smartfonunun gövdəsi IP67 standartı üzrə sudan qorunur və özündə Dolby Atmos dəstəkli səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Smartfon OneUI 5.0 interfeysli Android 13 vasitəsilə çalışır. Galaxy A34 5G-nin satış qiymətləri Samsung-un saytında qeyd edilməyib. Çox güman ki, satış qiymətləri barəsində məlumatlar 16 mart tarixində baş tutacaq təqdimat tədbiri çərçivəsində açıqlanacaq.
Şərh yoxdur