
Samsung Galaxy A34 və A54 smartfonlarının fotoları ilə texniki məlumatları təqdim edilib
91mobiles saytı Samsung tərəfindən hazırlanan Galaxy A34 ilə A54 smartfonlarının keyfiyyətli fotolarını və bəzi texniki özəlliklərini təqdim edib. Beləliklə təqdim edilmiş məlumata əsasən Galaxy A34 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym OLED ekran ilə təchiz olunacaq və onun yuxarı mərkəz hissəsində ön kamera üçün damcı formalı çıxıntı yerləşəcək. Bununla yanaşı smartfon MediaTek Dimensity 1080 prosessoru, 8 GB RAM, 256 GB daxili yaddaş həcmi, əsas kamerası 48 MP-lik olacaq üçlü arxa kamera, 13 MP-lik ön kamera 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Galaxy A54 smartfonuna gəldikdə isə o, 6.4 düym ölçülü eyni ekranı əldə edəcək. Lakin Galaxy A54 modelinin ekranı üzərində damcı formalı deyil, dairəvi çıxıntı yerləşəcək. Smartfon dünən təqdim edilmiş Exynos 1380 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, əsas kamerası 50 MP-lik olacaq üçlü arxa kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Sözügedən smartfonların dəqiq şəkildə nə zaman təqdim ediləcəyi bilinmir. Lakin bəzi məlumatlara əsasən onlar gələn ayın əvvəlində təqdim oluna bilər.
Paylaş
Bənzər xəbərlər