
Samsung Galaxy S21 FE flaqman smartfonu təqdim olunub - QİYMƏTİ
Uzun aylar ərzində olmuş çoxlu sayda məlumat sızıntısından sonra Samsung şirkəti sonunda Galaxy S21 FE smartfon modelini təqdim edib. Təqdim edilmiş yeni smartfon Galaxy S20 FE modelinin davamçısı rolunda çıxış edir. Bununla belə o, adi Galaxy S21 modelindən bəzi göstəricilər ilə fərqlənir. Xarici görünüşcə sözügedən smartfonlar eynidirlər. Galaxy S21 FE modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.4 düym Dynamic AMOLED 2X ekran ilə təchiz olunub. Smartfonun ekranı HDR10+ texnologiyasının dəstəyinə sahibdir. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı ekran Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Galaxy S21-dən fərqli olaraq Galaxy S21 FE modeli optik barmaq izi skanı texnologiyasına sahibdir və o, ekrana inteqrasiya edilib.
Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 888 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 12 MP (f/1.8 diafraqma, OIS, 79 dərəcə bucaq təsviri) + 12 MP (f/2.2 diafraqma, 123 dərəcə bucaq təsviri) + 8 MP (f/2.4 diafraqma, OIS, 3 qat optik zoom, 30 qat rəqəmsal zoom, 32 dərəcə bucaq təsviri) üçlü arxa kamera, 32 MP-lik (f/2.2 diafraqma, 81 dərəcə bucaq təsviri) ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bununla yanaşı smartfon 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunur. Bununla yanaşı Galaxy S21 FE modelində stereo səsgücləndiricilər və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC texnologiyası mövcuddur. Smartfon One UI 4.0 interfeysli Android 12 vasitəsilə çalışır. Galaxy S21 FE-nin satışlarına 11 yanvar tarixində start veriləcək. Satış qiymətləri isə aşağıdakı kimi olacaq:
- 6 GB RAM + 128 GB yaddaş - 699 avro
- 8 GB RAM + 256 GB yaddaş - 749 avro.
Paylaş
Bənzər xəbərlər