main-post-cover

    Samsung Galaxy S22 Ultra-nın real fotoları ortaya çıxıb

    Cihazlar+
    07.11.2021
    Emil Nəcəfov
        Artıq bir neçə aydır ki, internetdə Galaxy S22 smartfon seriyasının render fotoları ortaya çıxıb. Lakin bu seriyanın ən çox maraq doğuran modeli məhz Galaxy S22 Ultra-dır. Belə ki, bəzi məlumatlara əsasən dizayn baxımından sözügedən model Galaxy Note seriyasını xatırladacaq və bununla yanaşı S Pen stilusu üçün nəzərdə tutulmuş xüsusi yerə sahib olacaq. İndi isə Galaxy Note 22 Ultra modelinin real fotoları ortaya çıxıb. Görünür, ortaya çıxmış fotolarda əks edilmiş cihaz smartfonun prototipidir və o, Samsung daxilində istifadə üçün nəzərdə tutulub.
        Cihazın arxa panelinə “Konfidensial” yazısı həkk edilib. Fotolardan da görmək olar ki, S Pen stilusu smartfonun aşağı hissəsində yerləşir və onun çıxarılması avtomatik olaraq qeydlərin yaradılması rejimini işə salır. Bu proses həmçinin Galaxy Note seriyasında da reallaşır. Xarici görünüşcə cihaz Galaxy Note seriyasını xatırladır. Onun kənar hissələri bir qədər əyilmiş formada reallaşdırılıb. Yuxarı və aşağı hissələr isə tamamilə yastıdırlar. Fotolardan anlamaq olar ki, smartfonun gövdəsi bir xeyli qalın olacaq.
        Gövdənin qalın olması S Pen stilusu üçün gövdə daxilində xüsusi yerin mövcudluğu ilə əlaqəlidir. Smartfon ölçüsünün böyük olması həmçinin onda geniş həcmli batareyanın quraşdırılmasına da şərait yaradacaq. Arxa kameraların yerləşmə dizaynlarına gəldikdə isə görünür, şirkət bu məsələdə dəyişiklik edib. Galaxy S22 seriyasının təqdim olunmasına bir neçə ay vaxt qalsa da, Samsung onun dizaynında ciddi dəyişiklik etmə mərhələsini artıq geridə qoyub. Çox güman ki, bu fotolardakı dizayn Galaxy S22 Ultra modelinin final dizaynıdır.
    Linki kopyala