main-post-cover

    Samsung Galaxy S23-də peyk şəbəkəsi funksiyası daha təkmilləşdirilmiş olacaq

    Cihazlar+
    25.11.2022
    Emil Nəcəfov
        Koreyanın kütləvi informasiya vasitələri Samsung şirkətinin gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S23 flaqman smartfon seriyası barəsində yeni məlumatları təqdim ediblər. Təqdim edilmiş məlumatlar əsasən Galaxy S23-də reallaşdırılacaq peyk şəbəkəsi özəlliyini əhatə edir. Qeyd etmək lazımdır ki, digər brendlər artıq yavaş-yavaş bu imkanı öz smartfonlarında reallaşdırmağa başlayırlar. Apple şirkəti hətta iPhone 14 smartfon seriyasında sözügedən imkanı artıq istifadəyə verib. Məlumata əsasən isə Samsung şirkəti Galaxy S23-də peyk şəbəkəsi funksiyasını daha da təkmilləşdirəcək. 
        Məlumatda qeyd edilib ki, Galaxy S23-də peyk şəbəkəsi məsələsində Samsung digər brendlər ilə müqayisədə daha fərqli addım atacaq. Samsung şirkəti Iridium adlı peyk şəbəkəsi operatoru ilə müqavilə bağlayıb. Bu şirkət isə aşağı orbitdə yerləşən 66 ədəd peykə sahibdir. Gözləntilərə əsasən Galaxy S23 istifadəçiləri fövqəladə hallar zamanı reallaşdırıla biləcək şəbəkə əlaqəsindən əlavə olaraq peyk şəbəkəsi vasitəsilə mətnli mesajlar və fotolar göndərə biləcəklər.
        Samsung bütün bunlara smartfonlardakı şəbəkə antenlərinin texniki məhdudiyyətlərini geridə qoymaqla nail olmağı planlaşdırır. Peyk şəbəkəsi funksiyasının bütün Galaxy S23 modellərində aktiv olub-olmayacağı bilinmir. Bununla yanaşı sözügedən funksiyanın istifadəsi çərçivəsində tarif planının necə reallaşdırılacağı da məlum deyil. Daha bir məlumat Galaxy S23 Ultra-nın barmaq izi skanı texnologiyasını əhatə edir. Belə ki, məlumata əsasən Galaxy S23 Ultra smartfonu ultrasəs texnologiyası əsasında çalışan Qualcomm 3D Sonic Max adlı 3-cü nəsil barmaq izi skanı texnologiyasını əldə edəcək.
    Linki kopyala