
Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə insayderlər sözügedən smartfonun hansı prosessor vasitəsilə çalışacağını təsdiqləyiblər. Onların sözlərinə əsasən Galaxy S23 FE Exynos 2200 prosessorunun sürətləndirilmiş versiyası vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, sözügedən prosessor həmçinin Galaxy S22 smartfonlarına da quraşdırılırdı.
Lakin insayderlər bildiriblər ki, Galaxy S23 FE-də istifadə ediləcək Exynos 2200 versiyası bir qədər fərqli olacaq. Belə ki, məlumatda qeyd edilib ki, yeni smartfonda istifadə ediləcək 4 nanometrlik Exynos 2200 daha da yaxşılaşdırılıb və o öz özəlliklərinə görə Snapdragon 8+ Gen 1 prosessoruna daha yaxındır. Galaxy S23 FE-nin nə zaman təqdim ediləcəyi barəsində dəqiq bir məlumat yoxdur. Lakin güman olunur ki, bu, yaxın zamanda baş verə bilər.