
Samsung Galaxy S23 FE-nin keyfiyyətli render fotoları təqdim edilib
Görünür, Samsung şirkəti Galaxy S23 FE smartfonu üzərində aktiv şəkildə çalışmağa davam edir. Belə ki, OnLeaks ləqəbli məşhur insayder sözügedən smartfonun keyfiyyətli render fotolarını təqdim edərək bildirib ki, o həqiqətən də mövcuddur. Təqdim edilmiş render fotolardan belə qənaətə gəlmək olar ki, Galaxy S23 FE modeli xarici görünüşcə adi Galaxy S23-dən heç də fərqlənməyəcək. Belə ki, Galaxy S23 kimi Galaxy S23 FE də yastı ekrana, ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntıya, arxa paneldən isə üç ədəd kamera obyektivinə sahib olacaq.
İnsayderin sözlərinə əsasən Galaxy S23 FE smartfonu 6.4 düym ekran ilə təchiz olunacaq. Smartfonun texniki göstəricilərinə gəldikdə isə bu mövzuda konkret bir məlumat yoxdur. Sadəcə güman etmək olar ki, o ya Snapdragon 8+ Gen 1 və ya Exynos 2200 prosessoru vasitəsilə çalışacaq və özündə 8 GB-a kimi RAM-ı, 256 GB-a kimi daxili yaddaş həcmini və 4500 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Galaxy S23 FE-nin nə zaman təqdim olunacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər