
Samsung Galaxy S23 FE təqdim edilib - QİYMƏTİ
Uzun müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Samsung şirkəti sonunda Galaxy S23 FE smartfonunu təqdim etdi. Sözügedən yeni smartfon adi Galaxy S23 modelinin sahib olduğu kameraları, satışa çıxacağı regiondan asılı olaraq müxtəlif prosessorları və sudan qorunma özəlliyini əldə edib. Bununla yanaşı Galaxy S23 FE modeli Galaxy S23 smartfonlarından daha aşağı satış qiymətinə sahibdir. Galaxy S23 FE-nin gövdəsi flaqman smartfonlara xas olan materiallardan hazırlanıb. Smartfon həm ön həm də arxa paneldən Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub.
Onun gövdə ətrafı çərçivəsi isə alüminium materialdan hazırlanıb. Üstəlik smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunur. Galaxy S23 FE smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2340x1080 piksel keyfiyyətli 6.4 düym Dynamic AMOLED 2X ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1450 nit təşkil edir və onun yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Smartfon özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy S23 FE modeli Snapdragon 8 Gen 1 / Exynos 2200 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP (f/1.8 diafraqma, optik stabilizasiya, 84 dərəcə bucaq əhatəsi) + 12 MP (f/2.2 diafraqma, fikslənmiş fokus, 123 dərəcə bucaq əhatəsi) + 8 MP (f/2.4 diafraqma, optik stabilizasiya, 3 qat optik zoom, 30 qat rəqəmsal zoom, 32 dərəcə bucaq əhatəsi) üçlü arxa kamera, 10 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin 25 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Galaxy S23 FE artıq sabah satışa çıxacaq və onun qiyməti 599$-dan start götürəcək.
Paylaş
Bənzər xəbərlər