main-post-cover

    Samsung Galaxy S23, S23+ və S23 Ultra təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    02.02.2023
    Farid Pardashunas
        Dünən gecə baş tutmuş Galaxy Unpacked 2023 tədbiri çərçivəsində Samsung şirkəti yeni Galaxy S23 smartfon seriyasını təqdim etdi. Ənənəyə sadiq qalaraq təqdim edilmiş yeni smartfon seriyasına 3 model daxil olub: Galaxy S23, S23+S23 Ultra. İlk öncə Galaxy S23 və S23+ modellərindən başlayaq. Sözügedən smartfonlar keçən ilki Galaxy S22 ilə S22+ modellərinin təkamül olmuş versiyalarıdır. Bununla belə yeni smartfonların xarici görünüşlərində bəzi dəyişikliklər də reallaşdırılıb. Galaxy S23 ilə S23+ modellərində Samsung keçən ilki smartfonların arxa kamera dizaynlarından imtina edib. Qeyd etmək lazımdır ki, keçən ilki Galaxy S23 və S23+ modellərində arxa kamera obyektivləri xüsusi düzbucaqlı sahənin daxilində yerləşirlər. Təqdim edilmiş yeni smartfonlarda isə arxa kamera obyektivləri bir-birindən asılı olmayaraq müstəqil şəkildə yerləşiblər. Eyni dizayn həmçinin Galaxy S23 Ultra modelində də reallaşdırılıb.
        Onu da qeyd etmək lazımdır ki, təqdim edilmiş hər 3 yeni smartfon bütün regionlarda Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunacaq. Şirkət bu dəfə Exynos prosessorlarından imtina etmək qərarına gəlib. Beləliklə Galaxy S23 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2340x1080 piksel keyfiyyətli 6.1 düym Dynamic AMOLED 2X ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1500 nit təşkil edir. Ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı ekranın yuxarı mərkəz hissəsində yerləşdirilib. Onu da qeyd etmək lazımdır ki, ekran Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Galaxy S23+ modeli isə 120 Hz-lik təsvir yenilənməsinə sahib 2340x1080 piksel keyfiyyətli 6.6 düym Dynamic AMOLED 2X ekran ilə təchiz olunub. Galaxy S23+ modelinin ekranının maksimal parlaqlıq səviyyəsi 1750 nit təşkil edir.
        Adi Galaxy S23-dən fərqli olaraq S23+ modelinin ekranı Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası hər iki smartfonda ekrana inteqrasiya edilib. Bu smartfonlar həmçinin özlərində kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi və Dolby Atmos dəstəkli stereo səsgücləndiricilərini birləşdirirlər. Əlavə olaraq qeyd etmək lazımdır ki, smartfonların gövdələri IP68 standartı üzrə sudan qorunurlar. İndi isə gələk əsas texniki özəlliklərə. Əsas texniki özəlliklər baxımından Galaxy S23 və S23+ demək olar bir-birinə bənzəyirlər. Onlar öz aralarında sadəcə olaraq batareya həcmi və dəstəklənən sürətli şarj texnologiyasının gücü baxımından bir-birindən fərqlənirlər.
        Beləliklə hər iki smartfon 8 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 50 MP (f/1.8 diafraqma, optik stabilizasiya, 85 dərəcə əhatə bucağı), 12 MP (f/2.2 diafraqma, Dual Pixel avtofokus sistemi, 120 dərəcə bucaq əhatəsi) + 10 MP (f/2.4 diafraqma, Dual Pixel avtofokus sistemi, optik stabilizasiya, 36 dərəcə bucaq əhatəsi) üçlü arxa kamera və 12 MP-lik (f/2.2 diafraqma, avtofokus, 80 dərəcə bucaq əhatəsi) ön kamera ilə təchiz olunub. Galaxy S23 modeli 25 vatt gücündə sürətli şarj texnologiyalı 3900 mAh, S33+ modeli isə 45 vatt gücündə sürətli şarj texnologiyalı 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki smartfon 15 vatt gücündə sürətli naqilsiz şarj və ikitərəfli şarj texnologiyalarını dəstəkləyir. Smartfonlar OneUI 5.1 interfeysli Android 13 vasitəsilə çalışırlar.
        İndi isə keçək Galaxy S23 seriyasının ən premium modelinə. Söhbət, Galaxy S23 Ultra-dan gedir. Keçən ilki Galaxy S22 Ultra ilə müqayisədə Samsung yeni Galaxy S23-də ciddi dəyişikliklər reallaşdırmayıb. Lakin bununla belə şirkət əsas diqqətini onun kameralarına ayırıb. Smartfonun əsas fərqləndirici özəlliklərindən biri də odur ki, onun gövdəsində S Pen stilusunun yerləşdirilməsi üçün xüsusi yer ayrılıb. Keçən ilki Galaxy S22 Ultra modeli S Pen stilusunun dəstəyinə sahib olsa da, onun gövdəsində stilusun yerləşdirilməsi üçün xüsusi yer yoxdur. Bu baxımdan Galaxy S23 Ultra modeli tamamilə Galaxy Note seriyasını xatırladır. Bununla yanaşı Galaxy S23 Ultra Samsung-un ISOCELL HP2 adlı yeni 200 MP-lik kamera sensorunu əldə etmiş ilk smartfondur.
        Beləliklə Galaxy S23 Ultra modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 3080x1440 piksel keyfyyətli 6.8 düym Dynamic AMOLED 2X ekran ilə təchiz olunub. Ekranın maksimal parlaq səviyyəsi 1750 nit təşkil edir. Bununla yanaşı ekranın özü Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi və Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirir. Digər Galaxy S23 modelləri kimi Galaxy S23 Ultra-nın da gövdəsi IP68 standartı üzrə sudan qorunur.
        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8/12 GB RAM, 256/512 GB1 TB daxili yaddaş həcmi, 200 MP (f/1.7 diafraqma, 85 dərəcə bucaq əhatəsi) + 12 MP (f/2.2 diafraqma, Dual Pixel avtofokus sistemi, 120 dərəcə bucaq əhatəsi) + 10 MP (f/2.4 diafraqma, Dual Pixel avtofokus sistemi, optik stabilizasiya, 3 qat optik zoom, 36 dərəcə bucaq əhatəsi) + 10 MP (f/4.9 diafraqma, Dual Pixel avtofokus sistemi, optik stabilizasiya, 10 qat optik zoom, 100 qat rəqəmsal zoom, 11 dərəcə bucaq əhatəsi) dördlü arxa kamera, 12 MP-lik (f/2.2 diafraqma, avtofokus, 80 dərəcə bucaq əhatəsi) ön kamera və 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bununla yanaşı smartfon 15 vatt gücündə sürətli naqilsiz şarj və ikitərəfli şarj texnologiyalarını dəstəkləyir. Galaxy S23 Ultra da OneUI 5.1 interfeysli Android 13 vasitəsilə çalışır. Galaxy S23 smartfonları 17 fevral tarixində satışa çıxacaqlar. Adi Galaxy S23 modelinin qiyməti 799$-dan, Galaxy S23+ modelinin qiyməti 999$-dan, Galaxy S23 Ultra modelinin qiyməti sə 1199$-dan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər