
Samsung Galaxy S25 smartfonlarının maketlərinin əks olunduqları foto təqdim edilib
Ice Universe ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S25 smartfonlarının maketlərinin əks olunduqları fotonu təqdim edib. Təqdim edilmiş fotoda 3 model əks olunub. Galaxy S25, S25+ və S25 Ultra. Fotodan da görmək olar ki, hər 3 smartfon yastı ekran dizaynına və ekran ətrafı nazik çərçivələrə sahibdir. Galaxy S25 Ultra-da isə ekran ətrafı çərçivələr digərləri ilə müqayisədə daha nazikdir.
Galaxy S25 smartfonlarının hansı prosessor vasitəsilə çalışacaqları tam aydın deyil. Galaxy S25 Ultra halında hər şey gözləniləndirsə, Galaxy S25 və S25+ modelləri ilə bağlı suallar yaranır. Məsələ burasındadır ki, Galaxy S25 Ultra modeli çox güman ki, Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessoru vasitəsilə çalışacaq. Galaxy S25 və S25+ modellərinə gəldikdə isə son məlumat sızıntılarına əsasən onlar Snapdragon 8 Elite, Exynos 2500 və ya MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacaqlar.

Paylaş