
Samsung gələn il Galaxy S26 və S26+ modellərini S26 Pro və S26 Edge ilə əvəz edə bilər
Samsung-un gələcək flaqman seriyasının modellərinin adlarında ciddi dəyişikliklər baş verə bilər. Yeni məlumatlara əsasən, şirkət Galaxy S26 və Galaxy S26+ modellərindən imtina edərək, onların əvəzinə Galaxy S26 Pro və Galaxy S26 Edge modellərini təqdim edə bilər. Android Authority resursu Android 16 əsasında qurulmuş OneUI 8.0 istifadəçi interfeysinin daxili test versiyalarından birində M1, M2 və M3 kod adları ilə üç cihazın qeyd olunduğunu aşkarlayıb. Məlum olub ki, bu kod adları müvafiq olaraq Galaxy S26 Pro, Galaxy S26 Edge və Galaxy S26 Ultra modellərinə aiddir.

Galaxy S26 və Galaxy S26+ modellərinə isə heç bir istinad tapılmayıb. Gələn ildən etibarən Galaxy S seriyasının cihaz adlandırma sxemi ciddi şəkildə dəyişə bilər. Lakin hələ ki, Galaxy S26 Pro modelinin Galaxy S26 ilə müqayisədə əlavə funksiyalara malik olub-olmayacağı məlum deyil. 2021-ci ildən bəri Samsung hər yeni Galaxy S seriyasını üç model - əsas, + və Ultra - ilə təqdim edir. Bu il isə onlara Galaxy S25 Edge modeli əlavə olunub. Lakin növbəti nəsildə bu tərkib dəyişə bilər.
Məlumat üçün qeyd edək ki, Galaxy S24 seriyasının kod adı Eureka idi və bu seriyanın modelləri müvafiq olaraq E1 (Galaxy S24), E2 (Galaxy S24+) və E3 (Galaxy S24 Ultra) kod adlarını daşıyırdı. Eyni şəkildə, Galaxy S25 seriyasının kod adı Paradigm olmuşdu və Galaxy S25, Galaxy S25+ və Galaxy S25 Ultra modelləri uyğun olaraq P1, P2 və P3 kod adları ilə tanınırdı. Daha əvvəlki məlumatlarda Galaxy S26 seriyası New Paradigm adlanır və modellər də NP1 (Galaxy S26), NP2 (Galaxy S26+) və NP3 (Galaxy S26 Ultra) kimi qeyd olunmuşdu. Lakin son sızıntı göstərir ki, Galaxy S26 seriyasının modelləri artıq M1, M2 və M3 kod adları ilə təqdim olunur.
Paylaş