Samsung Health süni intellektlə yeniləndi
Samsung Health tətbiqi süni intellekt dəstəyi ilə daha ağıllı və fərdiləşdirilmiş sağlamlıq tövsiyələri təqdim etməyə hazırlaşır. Şirkət iyunun 8-dən etibarən istifadəyə veriləcək yeniləmə ilə istifadəçilərin sağlamlıq göstəricilərini daha sadə və anlaşıqlı formada təqdim edəcəyini açıqlayıb. Samsung-un bildirdiyinə görə, yenilənmiş tətbiq yuxu keyfiyyəti, gündəlik fiziki aktivlik və digər biometrik məlumatları təhlil edərək istifadəçilərə fərdi tövsiyələr verəcək. Yeni funksiyalar əsasən bu il təqdim olunacaq növbəti nəsil Galaxy Watch ağıllı saatlarının imkanlarını nümayiş etdirmək üçün hazırlanıb.
Yeniliyin diqqətçəkən xüsusiyyətlərindən biri "Vitals" funksiyasıdır. Süni intellekt vasitəsilə istifadəçinin ürək döyüntüsü, ürək ritmi dəyişkənliyi, tənəffüs tezliyi, dəri temperaturu və qandakı oksigen səviyyəsi gecə ərzində analiz ediləcək. Əgər sistem normal göstəricilərdən əhəmiyyətli fərqlər aşkar edərsə, istifadəçiyə əlavə istirahət etməsi və ya xəstəliyin ilkin əlamətlərinin ola biləcəyi barədə bildiriş göndəriləcək.
Samsung həmçinin əvvəlki "Vascular Load" funksiyasını daha inkişaf etmiş "Heart Health Score" sistemi ilə əvəz edir. Bu funksiya yuxu, stress, fiziki aktivlik və bədən tərkibi məlumatlarını birləşdirərək istifadəçinin ürək sağlamlığını qiymətləndirəcək və sağlamlığı yaxşılaşdırmaq üçün fərdi tövsiyələr təqdim edəcək. Yeni "Daily Cardio Load" funksiyası məşq zamanı optimal yük və bərpa müddətini müəyyənləşdirməyə kömək edəcək. Digər yenilik olan "Fitness Index" isə gündəlik addım sayı, ürək ritmi və VO2 Max kimi göstəriciləri təhlil edərək istifadəçinin fiziki vəziyyətini oxşar istifadəçilərlə müqayisə edəcək və fərdi inkişaf məqsədləri təyin edəcək.
Paylaş