main-post-cover

    Samsung öz cihazlarının fərdi təmir proqramını istifadəyə verib

    Cihazlar+
    03.08.2022
    Emil Nəcəfov
        Samsung şirkəti elektron cihazların təmiri sahəsində fəaliyyət göstərən iFixit saytı ilə birlikdə Galaxy cihazlarının fərdi təmir proqramını istifadəyə verib. İstifadəyə verilmiş proqram çərçivəsində Galaxy S20, Galaxy S21 smartfonlarının və Galaxy Tab S7+ planşetinin istifadəçiləri öz cihazlarını fərdi şəkildə təmir edə bilərlər. Bunun üçün istifadəçilər iFixit saytından sözügedən smartfonlar və planşet üçün nəzərdə tutulmuş orijinal ehtiyat hissələrini, təmir alətlərini və təmir təlimatını əldə edə bilərlər. İlk mərhələdə təmir üçün nəzərdə tutulmuş ehtiyat hissələrinin növləri az olacaq. Belə ki, istifadəçilər hələ ki, ekranları, batareyaları, şarj girişlərini və arxa panelləri əldə edə biləcəklər.
        Məsələn Galaxy S20 və Galaxy S21 seriyalarından olan istənilən şarj girişinin qiyməti 67$, Galaxy Tab S7+ planşetinin arxa panel qiyməti isə 227$ təşkil edəcək. İstifadəçi öz növbəsində cihazını təmir edəndən sonra köhnə cihaz detallarını yenidən Samsung-a qaytara bilər. Şirkət öz növbəsində həmin cihaz detallarını təkrar emal edəcək. Hal hazırda bu fərdi təmir proqramı yalnız ABŞ-da aktivdir. Lakin müəyyən müddətdən sonra onun başqa regionlarda da istifadəyə veriləcəyi gözlənilir. Bundan əlavə olaraq müəyyən müddətdən sonra fərdi təmir proqramına digər Samsung cihazları ilə ehtiyat hissələri də əlavə ediləcək. Qeyd etmək lazımdır ki, hazırki mərhələdə fərdi təmir proqramı Galaxy S22 smartfon seriyasını və Galaxy Tab S8 planşetini əhatə etmir. Sözügedən cihazların təmirə ehtiyac duyduqları zaman onların istifadəçilərinə xüsusi xidmət servislərinə müraciət etmək məsləhət görülür.
    Linki kopyala