
Samsung-un patent portfoliosuna yeni patent sorğusu daxil olub. Şirkətin yeni patent sənədində elastiki ekrana və qeyri-adi konstruksiyaya sahib cihaz əks olunub. Aktual olan Galaxy Z Fold smartfonlarından fərqli olaraq yeni patent sənədində əks olunmuş cihaz iki ədəd şarnir ilə təchiz olunub. Bunun sayəsində onun ekranı 3 ayr-ayrı hissəyə bölünə bilir. Patent sənədlərinə əsasən sözügedən cihaz xarici ekrana sahib deyil.
Xarici ekran rolunu daxili əsas ekranın bir hissəsi görəcək. Belə ki, sözügedən cihazın qatlanması zamanı daxili ekranın bir hissəsi digər ikisinin üzərində qalacaq. Cihazın konstruksiyasına müxtəlif sensorlar daxil olacaq və onlar ekran hissələrinin hansı vəziyyətdə olduqlarını təyin edə biləcəklər. Bunun sayəsində cihazın istifadəçi interfeysi ekran hissələrinin müxtəlif vəziyyətlərinə adaptyasiya ola biləcək. Samsung-un nəticədə bu cür cihazı hazırlayıb satışa çıxaracağı bilinmir.