Logo
    main-post-cover

    Samsung SmartThings yeni funksiya qazandı

    Cihazlar+
    17.04.2026
    Sevinj
        Technote.az “TNW” platformasına istinadən bildirir ki, Samsung ağıllı ev platforması olan SmartThings üçün yeni “ailə qayğısı” funksiyalarını təqdim edib. Bu yeniləmə sayəsində istifadəçilər yaşlı ailə üzvlərinin vəziyyətini uzaqdan izləyə, təhlükəli halları erkən mərhələdə aşkar edə biləcəklər. Yeni sistem evdə olan müxtəlif cihazlardan, soyuducu, kondisioner, robot tozsoran və geyilə bilən qurğulardan toplanan məlumatları analiz edərək insanın gündəlik fəaliyyəti haqqında ümumi təsəvvür yaradır.
    File:SmartThings logo.png - Wikimedia Commons
        Ən diqqətçəkən funksiyalardan biri robot tozsoran üzərindən həyata keçirilən nəzarətdir. Əgər müəyyən müddət ərzində evdə hərəkət qeydə alınmasa, sistem xəbərdarlıq göndərir. Tozsoranın kamerası isə yerdə uzanan insanı aşkar edə və iki tərəfli səsli əlaqə qurmağa imkan verir. Bundan əlavə, platforma temperatur və rütubət kimi mühit göstəricilərini izləyərək təhlükəli vəziyyətlər barədə xəbərdarlıq edir. Eyni zamanda, istifadəçinin gündəlik davranışında baş verən dəyişikliklər, məsələn, hərəkətin azalması və ya soyuducunun daha az açılması potensial sağlamlıq problemlərinin erkən siqnalı kimi qiymətləndirilir.
        Samsung-un ən iddialı yeniliyi isə koqnitiv geriləmənin aşkarlanmasıdır. Sistem istifadəçinin yuxu rejimi, danışıq, yazı sürəti və hərəkət kimi göstəricilərini analiz edərək demensiya kimi problemlərin ilkin əlamətlərini müəyyən etməyə çalışır. Bu funksiyaların əsasını “ambient sensing” texnologiyası təşkil edir. Millimetr dalğa radarı və səs sensorları vasitəsilə istifadəçinin fəaliyyəti kamera olmadan belə təyin oluna bilir. Samsung bildirir ki, bütün məlumatlar lokal olaraq işlənir və buluda göndərilmir, bu da məxfiliklə bağlı narahatlıqları azaltmağa yönəlib.
        SmartThings platformasının artıq 500 milyondan çox istifadəçisi var və şirkət bu yeniliklə ağıllı evi sadəcə rahatlıq vasitəsi deyil, həm də təhlükəsizlik və sağlamlıq infrastrukturu kimi təqdim etməyə çalışır.
    Paylaş