
Samsung-un təqdim olunmamış ilk XR cihazının icmalı yayımlanıb (VİDEO)
Cihazlar+
28.01.2025
Emil
Samsung şirkəti 22 yanvar tarixində keçirtmiş olduğu Galaxy Unpacked 2025 tədbiri çərçivəsində Galaxy S25 smartfonlarını təqdim etmiş və tədbirdən sonra jurnalistlərə özünün Project Moohan adlı genişləndirilmiş reallıq (XR) cihazını sərgiləmişdi. Lakin bu cihazın təqdimatı hələ tam şəkildə baş tutmayıb. Ola bilsin ki, Samsung-un XR cihazı bu ilin ikinci yarısında təqdim ediləcək.Technote.az Android Authority saytına istinadən bildirir ki, məşhur YouTube-da MKBHD adlı kanalı ilə tanınan Marques Brownlee, Samsung-un hələ təqdim etməmiş Project Moohan adlı XR cihazını artıq sınaqdan keçirib. Bu, Samsung-un Android XR əməliyyat sistemi ilə işləyən yeni nəsil cihazının ilk qeyri-rəsmi nümayişidir.
Məlumatda qeyd edilib ki, cihaz, istifadəçinin gözlərini xaricdən göstərmir və çıxarıla bilən maqnitli işıq qoruyucusu ilə təchiz olunub. Bu qoruyucu, daha çox işığı bloklamaq və ya periferik görmə qabiliyyətini artırmaq üçün çıxarıla bilər. Arxa hissədə yerləşən tənzimləmə düyməsi vasitəsilə cihazın ölçüsünü istifadəçinin başına uyğunlaşdırmaq mümkündür.
Samsung-un bu XR cihazının sağ tərəfində bir düymə, sol tərəfində isə səs səviyyəsini tənzimləmək üçün düymələr yerləşir. Sağ kəmərdə toxunma paneli mövcuddur ki, bu da istifadəçilərə cihazı asanlıqla idarə etməyə imkan verir. Cihaz, çıxarıla bilən batareya bloku ilə təchiz olunub. Bu batareya, USB-C naqili vasitəsilə cihaza qoşulur və asanlıqla dəyişdirilə bilər ki, bu da uzunmüddətli istifadə zamanı rahatlıq təmin edir.
Project Moohan cihazı, Android XR əməliyyat sistemi ilə işləyir və istifadəçilərə əl hərəkətləri və səs əmrləri vasitəsilə virtual pəncərələri hərəkət etdirmək və onların ölçülərini dəyişdirmək imkanı verir. Cihazda Google Play Store mağazası mövcuddur və oradakı bütün tətbiqlər cihazda əlçatandır.
Bundan əlavə, cihaza Google şirkətinin Gemini adlı süni zəka sistemi inteqrasiya olunub. Bu, istifadəçilərə cihaz vasitəsilə gördükləri obyektləri tanımaq və onlar haqqında məlumat əldə etmək imkanını verir. Məsələn, bir obyektə baxaraq Gemini-dən onun nə olduğunu soruşmaq və ya bir məqalədə gördüyünüz məkanı xəritədə tapmaq mümkündür. Bu ilkin nümayiş, Samsung-un XR texnologiyasında atdığı əhəmiyyətli addımları və gələcəkdə təqdim edəcəyi yenilikləri göstərir.
Paylaş
Ən çox oxunanlar

Honor 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib smartfon üzərində çalışır
