Samsung-un bazar dəyəri 1 trilyon dolları ötüb
Technote.az “TNW” platformasına istinadən bildirir ki, Cənubi Koreyanın texnologiya nəhəngi Samsung Electronics tarixində ilk dəfə olaraq 1 trilyon dollar bazar dəyərini keçib. Şirkətin səhmləri son 1 ildə 4 dəfədən çox bahalaşıb və bu artım əsasən süni intellekt texnologiyalarına olan böyük tələbatla əlaqələndirilir.
Reuters-in məlumatına görə, şirkətin səhmləri çərşənbə günü ticarət sessiyası zamanı təxminən 12 % yüksəlib. Eyni gündə Cənubi Koreyanın əsas fond indeksi olan KOSPI də tarixində ilk dəfə 7000 bənd həddini keçib. Hazırda ölkənin iki böyük yaddaş çipi istehsalçısı Samsung və SK Hynix indeksin təxminən 42 %-ni təşkil edir.
Şirkətin bu sıçrayışının əsas səbəbi isə süni intellekt serverlərində istifadə olunan yüksək sürətli yaddaş çiplərinə rekord səviyyədə tələbatdır. Samsung-un 2026-cı ilin ilk rübü üzrə maliyyə nəticələrinə əsasən, şirkətin gəliri 133.9 trilyon vona çatıb. Əməliyyat mənfəəti isə 57.2 trilyon von olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8 dəfə artım deməkdir.
Ən maraqlı məqamlardan biri odur ki, Samsung rəhbərliyi hesab edir ki, bazardakı bum hələ pik nöqtəyə çatmayıb. Şirkətin açıqlamasına görə, böyük texnologiya şirkətləri artıq 2027-ci il üçün belə yaddaş çipi sifarişlərini öncədən rezerv etməyə başlayıblar. Bu isə süni intellekt infrastrukturunun inkişaf tempinin daha uzun müddət davam edə biləcəyinə işarə edir.
Hazırda TSMC bazar dəyərinə görə Asiyanın ən böyük çip şirkəti olaraq qalır və təxminən 2 trilyon dollar dəyərində qiymətləndirilir. Analitiklər bildirirlər ki, TSMC əsasən AI prosessorlarının istehsalında dominant mövqedədirsə, Samsung isə bu prosessorlar üçün vacib olan yaddaş çipləri bazarında əsas oyunçulardan biridir.
Paylaş