Samsung-un növbəti Unpacked tədbirinin tarixi açıqlandı
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Samsung-un illik Galaxy S seriyası təqdimatı bu il əvvəlki illərlə müqayisədə bir qədər gec baş tutacaq. Şirkət rəsmi olaraq növbəti Unpacked tədbirinin 25 fevral tarixində keçiriləcəyini təsdiqləyib.
Sızdırılan məlumatlara görə, bu dəfə Galaxy S26 seriyasında böyük texniki yeniliklər gözlənilmir. WinFuture tərəfindən yayımlanan məlumat göstərir ki, yeni flaqman modellər əsasən proqram təminatı və xüsusilə də Galaxy AI funksiyalarına fokuslanacaq.
Texniki detallara gəldikdə isə, standart Galaxy S26 modelinin batareyası 4000 mAh-dan 4300 mAh-a yüksələ bilər. Bu isə bazarda qalan azsaylı “kompakt” flaqman telefonlardan biri üçün müsbət yenilik sayılır. Digər tərəfdən, bütün modellərdə yenə də daxili Qi2 maqnit sistemi olmayacaq. İstifadəçilər bu funksiyanı əldə etmək üçün xüsusi örtüklərdən istifadə etməli olacaqlar.
Kamera tərəfində ciddi dəyişikliklər gözlənilmir. Lakin əsas kamera və 5 qat optik zumlu telefoto obyektiv daha geniş diafraqmaya sahib ola bilər. Bu isə xüsusilə zəif işıq şəraitində daha keyfiyyətli fotolar deməkdir.
Yaddaş və operativ yaddaş konfiqurasiyaları ötən illə oxşardır və bütün modellər minimum 16 GB RAM ilə təqdim oluna bilər. Eyni zamanda, standart modelin daha ucuz 128 GB yaddaş versiyasının ləğv ediləcəyi iddia olunur.
Paylaş