Samsung yeni “Hearapy” adlı tətbiqini təqdim edib
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Samsung “motion sickness” yaşayan istifadəçilər üçün “Hearapy” adlı yeni və pulsuz tətbiq təqdim edib. Android cihazlar üçün Google Play üzərindən əlçatan olan tətbiq yalnız səsdən istifadə edərək ürəkbulanma və diskomfort hissini azaltmağı vəd edir.
Tətbiqin işləmə prinsipi olduqca sadədir. Hearapy qulaqlıqlar vasitəsilə 60 saniyə ərzində 100 Hz tezliyində sinus dalğası səsləndirir. Bu səsin daxili qulaqda yerləşən və tarazlıq hissindən məsul olan vestibulyar sistemi stimullaşdırdığı bildirilir. İstifadəçilər səsin müddətini 40–120 saniyə aralığında tənzimləyə bilər, lakin 60 saniyəlik istifadə nəticəsində simptomların 2 saata qədər azala biləcəyi qeyd olunur.
Samsung-un açıqlamasına görə, tətbiq Yaponiyanın Naqoya Universitetində aparılan araşdırmadan ilhamlanıb. Həmin tədqiqatda müəyyən səs dalğalarının hərəkətdə olan nəqliyyat vasitəsində oxu zamanı yaranan başgicəllənmə və narahatlığı azaltdığı müşahidə olunub.
Bununla belə, tətbiqin təsiri hər kəsdə eyni olmaya bilər. Effektivlik istifadə olunan qulaqlıqlardan da asılıdır. Samsung ən yaxşı nəticə üçün 80–85 desibel səviyyəsində səsi ötürə bilən qulaqlıqlardan istifadə etməyi tövsiyə edir və xüsusilə Galaxy Buds 4 Pro modelini önə çəkir.
Paylaş