main-post-cover

    Son Dəqiqə: Qatlana bilən Xiaomi Mi Mix Fold təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    30.03.2021
    Emil Nəcəfov
        Xiaomi şirkəti sonunda öz ilk qatlana bilən smartfon modelini təqdim edib. Təqdim olunmuş smartfon Mi Mix Fold adlanır və adından da göründüyü kimi o, Mi Mix smartfon seriyasına daxil olub. Qatlana biən Mi Mix Fold smartfonu kompakt gövdədə böyük ölçülü ekran, güclü texniki özəlliklər, maye linzaya sahib innovasiyalı kamera və desktop rejimini əldə edib. Mi Mix Fold qatlana bilən smartfonlar arasında hamıya tanış olan dizaynda reallaşdırılıb. Qatlanmış formada smartfon 6.52 düym ekrana sahib olur və standart smartfonu xatırladır. Lakin tam açıq formada cihaz 8.01 düym ekrana sahib planşetə çevrilir. Mi Mix Fold-un həm daxili həm də xarici ekranı AMOLED texnologiyası əsasında hazırlanıb. Lakin buna baxmayaraq ekranlar bəzi özəlliklərə görə fərqlənirlər.
        Belə ki, xarici ekran 2520x840 piksel keyfiyyətindədir və 90 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Daxili ekran isə 2400x1860 piksel keyfiyyətindədir və 60 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Smartfonun konstruksiyasının dözümlülüyünə gəldikdə isə Xiaomi-nin verdiyi məlumata əsasən o, milyon dəfə qatlanma prosesinə rahatlıqla dözə bilir. Bundan əlavə olaraq daxili ekran 2 əlavə metal plastin vasitəsilə gücləndirilib. Bununla yanaşı şirkət bildirib ki, bu smartfon 4 səsgücləndiricidən ibarət audiosistemə sahib ilk smartfondur. Şirkətin digər flaqman smartfonlarında olduğu kimi Mi Mix Fold-un səsgücləndiriciləri üzərində Harman Kardon kimi şirkətlərin mütəxəssisləri çalışıblar.
        Bundan əlavə olaraq Mi Mix Fold üçün MIUI interfeysi xüsusi olaraq yenidən emal edilib. Buna görə də smartfon yenilənmiş istifadəçi interfeysinə sahibdir. Məsələn ekran üzərində aşağı istiqamətə 3 barmaq ilə swype edən zaman PC rejimini işə salmaq olar. Bu rejimdə interfeys Windows-un interfeysini xatırladır. Əsas texniki göstəricilər baxımından smartfon Snapdragon 888 prosessoru, 12/16 GB RAM, 256/512 GB daxili yaddaş həcmi və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5020 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkət Mi Mix Fold-un kameralarına xüsusi diqqət ayırıb. Smartfon 3 fiziki arxa obyektivə sahib olsa da onlar 4 kameranın funksionallığını yerinə yetirirlər. Bu, maye linzanın istifadəsi hesabına mümkün olub.
        Belə ki, həmin linza öz formasını dəyişmək özəlliyinə sahibdir. Qeyd etmək lazımdır ki, smartfonda olan maye linza -40 dərəcədən +60 dərəcə temperatura kimi olan şərtlərdə çalışa bilir. Linza 8 MP-lik kamera sensorunun daxilinə yerləşdirilib və 3 qat optik zoom özəlliyinə sahib teleobyektiv ilə 30 qat optik zoom özəlliyinə sahib makroobyektiv rolunda çıxış edir. Əsas arxa kamera isə 108 MP-dir. Üçüncü kamera 13 MP-lik ultragenişbucaqlı kamera sensorudur və o, 123 dərəcə bucaq təsvirinə sahibdir. Kameralar vasitəsilə çəkilmiş fotoların emal olunmasından Xiaomi-nin fərdi istehsalı olan Surge C1 prosessoru cavabdehdir. Xarici ekranın yuxarı sağ hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib və onun daxilində 20 MP-lik kamera mövcuddur. Smartfon MIUI 12.5 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Mi Mix Fold 16 aprel tarixində satışa çıxacaq. Onnun satış qiymətləri isə aşağıdakı kimidir:
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib Mi Mix Fold - 1521$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib Mi Mix Fold - 1674$
    - 16 GB RAM-a və 512 GB yaddaşa sahib Mi Mix Fold (keramik gövdəyə sahib xüsusi versiya) - 1978$.
    Linki kopyala