Son Dəqiqə: Samsung Galaxy S22, S22+ və S22 Ultra təqdim olunub - QİYMƏTİ
Cihazlar+
09.02.2022
Farid Pardashunas
Samsung şirkəti Galaxy Unpacked 2022 təqdimat tədbiri çərçivəsində Galaxy S22 smartfon seriyasını təqdim edib. Yeni smartfon seriyasına Galaxy S22, S22+ və S22 Ultra modelləri daxil olublar. Galaxy S22 və S22+ modelləri keçən ilki S21 və S21+ modellərinə bənzəsə də S22 Ultra modeli 2020-ci ildə satışa çıxmış Galaxy Note 20 Ultra modelinin tam davamçısıdır. Lakin ilk növbədə Galaxy S22 və S22+ modellərindən başlayaq. Sözügedən modellər xarici görünüşcə keçən ilki modellərə bənzəyirlər. Galaxy S22 və S22+ arasındakı fərq də çox azdır. Bu smartfonlar öz aralarında yalnız ekran ölçüsü və batareya həcmi ilə fərqlənirlər. Digər bütün göstəricilər üzrə smartfonlar eynidirlər. Beləliklə Galaxy S22 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.1 düym Dynamic AMOLED 2X ekran ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, Galaxy S21 modeli 6.2 düym ekrana sahib idi. Lakin yeni Galaxy S22 bir qədər kiçik ölçülü ekran əldə etməklə öz ölçüsünü daha da kompakt hala salıb. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
Bundan əlavə olaraq smartfonun həm arxa həm də ön paneli Gorilla Glass Victus+ qoruyucu şüşəsi ilə əhatə edilib. Galaxy S22+ modelinə gəldikdə isə o, 120 Hz-lik təsvir yenilənməsinə sahib 2340x1080 piksel keyfiyyətli 6.6 düym Dynamic AMOLED 2X ekran ilə təchiz olunub. Bu modelin də həm arxa həm ön paneli Gorilla Glass Victus+ qoruyucu şüşəsi ilə əhatə edilib. Hər iki smartfonda barmaq izi skanı texnologiyası ekrana inteqrasiya edilib. Həmçinin smartfonların gövdələri IP68 standartı üzrə sudan qorunurlar. Əsas texniki göstəricilər baxımından Galaxy S22 modeli AMD qrafikalı Exynos 2200 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP (f/1.8 diafraqma, Dual Pixel AF avtofokus sistemi, OIS) + 12 MP (f/2.2 diafraqma, 120 dərəcə bucaq təsviri, fikslənmiş fokus) + 10 MP (f/2.4 diafraqma, OIS, 3 qat zoom) üçlü arxa kamera, 10 MP-lik (f/2.2 diafraqma, Dual Pixel AF avtofokus sistemi) ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 3700 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bununla yanaşı smartfon 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını və ikitərəfli şarj texnologiyasını da dəstəkləyir.
Galaxy S22+ modeli 45 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub və bundan əlavə olaraq 25 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını və ikitərəfli şarj texnologiyasını dəstəkləyir. Digər göstəricilər baxımından Galaxy S22+ modeli adi S22 ilə eynidir. Qeyd etmək lazımdır ki, bəzi regionlarda bu smartfonların Snapdragon 8 Gen 1 prosessoruna sahib versiyaları satılacaq. Exynos 2200 prosessoruna sahib olan versiyalar Avropa bazarında satılacaq. Yeni Galaxy S22 modellərinin əsas fərqləndirici özəllikləri ondan ibarətdir ki, onlar AMD RDNA2 mikroarxitekturası əsasında hazırlanmış Xclipse adlı qrafik sürətləndirici ilə təchiz olunublar. Bu qrafik sürətləndiricinin özəllikləri arasında hardware səviyyəsində sürətlənmə özəllikli ray tracing texnologiyası və dəyişən sürətli shading var. Samsug həmçinin yeni smartfonlarda əsas diqqəti yaxşı işıqlandırılmamış mühitdə reallaşdırılan çəkiliş imkanlarına ayırıb.
Buna görə də yeni smartfonların əsas kameralarında Pixel Binning adlı texnologiyadan istifadə edilir. Sözügedən texnologiya piksellərin ölçülərini böyütməyə imkan verir. Nəticədə piksellər daha çox işığı əhatə edə bilirlər. Smartfonların kameralarında olan həm optik həm də elektron stabilizasiya sistemləri, kadrda mövcud küyün aşağı salınması sistemi və avtofokus sürətlənməsi də təkmilləşdirilib. Kameralarda həmçinin gecə çəkilişi rejimi mövcuddur. Əsas kamera 12 bit-lik HDR rejimdə çəkilişi dəstəkləyir. Bu rejimdə çəkilmiş kontent 64 dəfə daha çox rəng məlumatını əldə edir. Fotoların çəkilişi mövzusunda yeni alqoritmdən istifadə edilir. Yeni alqoritm 20 kadrı bir böyük kadra birləşdirir və nəticədə alınmış fotoda küyün daha aşağı səviyyədə olması təmin edilir. Bununla yanaşı smartfonun əsas kamerası, telekamerası və ön kamerası vasitəsilə gecə mühitində portret rejimli fotolar çəkə bilirlər. Hər iki smartfon One UI 4.1 interfeysli Android 12 vasitəilə çalışır.
İndi isə keçək Galaxy S22 Ultra modelinə. Əvvəldə də qeyd edildiyi kimi bu model Galaxy Note 20 Ultra-nın davamçısıdır. O öz dizaynı baxımından Galaxy S22 və S22+ modellərindən fərqlənir. Ultra modelinin əsas fərqləndirici özəlliyi isə ondan ibarətdir ki, o, S Pen stilusuna sahibdir. Galaxy S22 və S22+ modellərindən fərqli olraq Ultra modeli düzbucaqlı dizayn əldə edib. Buna baxmayaraq smartfon ekranının kənar hissələri bir qədər əyilmiş dizayna sahibdirlər. Smartfonun aşağı hissəsində S Pen stilusu üçün nəzərdə tutulmuş xüsusi yer mövcuddur. Əvvəllər bu cür özəllik yalnız Galaxy Note seriyasına məxsus idi. Galaxy S22 Ultra modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 3080x1440 piksel keyfiyyətli 6.8 düym Dynamic AMOLED 2X ekran ilə təchz olunub. Smartfonun həm arxa həm də ön paneli Gorilla Glass Victus+ qoruyucu şüşəsi əhatə edilib. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Onun gövdəsi həmçinin IP68 standartı üzrə sudan qorunur.
Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Exynos 2200 prosessoru, 8/12 GB RAM, 128/256/512 GB və 1 TB daxili yaddaş həcmi, 108 MP (f/1.8 diafraqma, Dual Pixel AF avtofokus sistemi, avtofokus, 85 dərəcə bucaq təsviri, OIS) + 12 MP (f/2.2 diafraqma, Dual Pixel AF avtofokus sistemi, avtofokus, 13 mm-ə ekvivalent fokus məsafəsi, 120 dərəcə bucaq təsviri) + 10 MP (f/2.4 diafraqma, Dual Pixel AF avtofokus sistemi, avtofokus, 3 qat optik zoom, 69 mm-ə ekvivalent fokus məsafəsi, 36 dərəcə bucaq təsviri, OIS) + 10 MP (f/4.9 diafraqma, avtofokus, 10 qat optik zoom, 230 mm-ə ekvivalent fokus məsafəsi, 11 dərəcə bucaq təsviri, OIS) dördlü arxa kamera, 40 MP-lik (f/2.2 diafraqma, avtofokus, 25 mm-ə ekvivalent fokus məsafəsi, 80 dərəcə bucaq təsviri) ön kamera və 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını və ikitərəfli şarj texnologiyasını dəstəkləyir. Galaxy S22 Ultra modeli One UI 4.1 interfeysli Android 12 vasitəsilə çalışır. Yeni Galaxy S22 modelləri gələn ay satışa çıxacaqlar. Onların Avropa bazarındakı satış qiymətləri isə aşağıdakı kimi olacaq:
- 128 GB yaddaşa sahib Galaxy S22 - 849 avro
- 256 GB yaddaşa sahib Galaxy S22 - 899 avro
- 128 GB yaddaşa sahib Galaxy S22+ - 1049 avro
- 256 GB yaddaşa sahib Galaxy S22+ - 1099 avro
- 8 GB RAM-a və 128 GB yaddaşa sahib Galaxy S22 Ultra - 1249 avro
- 12 GB RAM-a və 256 GB yaddaşa sahib Galaxy S22 Ultra - 1349 avro
- 12 GB RAM-a və 512 GB yaddaşa sahib Galaxy S22 Ultra - 1449 avro
- 12 GB RAM-a və 1 TB yaddaşa sahib Galaxy S22 Ultra - 1649 avro.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!