Sony-dən yeni qərar!
Sony daha əvvəl açıqladığı qərarı ilə 2028-ci ilin yanvar ayından etibarən yeni PlayStation oyunlarının fiziki disk formatında satışını dayandıracağını təsdiqləmişdi. İndi isə şirkətin oyun tərtibatçılarına göndərdiyi yeni məlumatda mühüm bir detal ortaya çıxıb. Məlumata görə, 2028-ci ilin yanvarına qədər disk formatında satışa çıxarılan oyunlar üçün fiziki nüsxələrin istehsalı və yenidən sifarişi gələcəkdə də davam edəcək. Başqa sözlə, köhnə oyunların disk versiyaları tamamilə yox olmayacaq və nəşriyyatçılar ehtiyac yarandıqda əlavə nüsxələr sifariş edə biləcəklər.
Bununla belə, 2028-ci ildən sonra təqdim ediləcək yeni PlayStation oyunları yalnız rəqəmsal formatda satışa çıxarılacaq. Bu qərar Sony-nin fiziki media dövründən tədricən uzaqlaşdığını bir daha göstərir. Şirkətin Avstriyanın Salzburg şəhərində yerləşən disk istehsalı zavodunu artıq başqa məqsədlər üçün yenidən qurduğu bildirilir. Məlumatlara görə, həmin müəssisə gələcəkdə optik mikrolinzaların istehsalı üçün istifadə ediləcək.
Sony həmçinin oyun nəşriyyatçılarına mağazalarda yeni oyunları rəqəmsal kodlar vasitəsilə satmaq imkanı təqdim edəcəyini bildirib. Lakin bu sistemin necə işləyəcəyi barədə hələlik əlavə təfərrüatlar açıqlanmayıb. Ekspertlər hesab edirlər ki, fiziki disklərin tədricən bazardan çıxması ikinci əl oyun bazarına, kolleksiyaçılara və oyunların uzunmüddətli saxlanmasına ciddi təsir göstərə bilər.
Paylaş