Sony PlayStation 6-nın buraxılışını 2028–2029-cu illərə təxirə sala bilər
Technote.az “VGCHartz” platformasına istinadən bildirir ki, Sony Group Corp növbəti nəsil oyun konsolu olan PlayStation 6-nın buraxılış tarixini 2028 və ya 2029-cu ilə qədər təxirə salmağı nəzərdən keçirir. Bu barədə məlumatı Bloomberg öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, gecikmənin əsas səbəbi qlobal RAM (operativ yaddaş) qıtlığıdır. Son aylarda süni intellekt üçün istifadə olunan böyük məlumat mərkəzlərinin sürətlə artması yaddaşa olan tələbi ciddi şəkildə yüksəldib. Bu isə qiymətlərin kəskin artmasına və texnologiya şirkətləri üçün əlavə xərclərin yaranmasına səbəb olub. Mənbələrin bildirdiyinə görə, Sony strateji baxımdan yeni PlayStation modelinin təqdimatını 2028 və ya hətta 2029-cu ilə keçirməyi müzakirə edir. Şirkət rəsmi olaraq məsələ ilə bağlı açıqlama verməyib.
Eyni hesabatda qeyd olunur ki, Nintendo da bu ilin sonuna doğru Nintendo Switch 2 modelinin qiymətini artırmağı düşünür. Lakin həm Sony, həm də Nintendo Bloomberg-in sorğusuna cavab verməyib. RAM qıtlığının yaxın zamanda aradan qalxacağı gözlənilmir. Lenovo şirkətinin baş icraçı direktoru Yang Yuanqing bildirib ki, təklif və tələbat arasındakı struktur balanssızlıq qısamüddətli problem deyil və bazarda vəziyyətin tezliklə normallaşacağı gözlənilmir.
Paylaş