SoundCloud musiqi satışına başlayır
SoundCloud musiqiçilərin öz mahnılarını platforma üzərindən birbaşa dinləyicilərə satmasına imkan verən yeni funksiyanı təqdim etməyə hazırlaşır. Bununla da istifadəçilər bəyəndikləri musiqini almaq üçün artıq Bandcamp kimi başqa platformalara keçməli olmayacaqlar. Yeni funksiya ilkin mərhələdə ABŞ-də 200 Artist Pro abunəçisi arasında beta rejimində sınaqdan keçiriləcək. SoundCloud funksiyanın payız aylarında daha çox musiqiçi üçün əlçatan olacağını bildirib.
Funksiya istifadəyə verildikdən sonra dinləyicilər musiqiçinin SoundCloud profilindən istədikləri mahnını satın alaraq şəxsi kolleksiyalarına əlavə edə biləcəklər. Musiqiçilər isə mahnılarını hansı rəqəmsal formatlarda satacaqlarını özləri müəyyənləşdirə biləcəklər. Əsas məqamlardan biri SoundCloud-un satışlardan komissiya tutmayacağıdır. Yəni mahnının satışından əldə olunan gəlirdən platformaya ayrıca pay verilməyəcək. Bununla belə, ödənişlərin emalı ilə bağlı xidmət haqları və yerli vergilər musiqiçinin üzərinə düşəcək.
Musiqiçilər satış göstəricilərini SoundCloud-un Artist Studio və Fan Support panelləri vasitəsilə izləyə biləcəklər. Şirkət bildirir ki, əvvəlcə məhdud sayda yaradıcı ilə işləmək funksiyanın çatışmazlıqlarını müəyyənləşdirməyə və musiqiçilərin rəyləri əsasında sistemi təkmilləşdirməyə imkan verəcək. SoundCloud indiyədək də musiqiçilərə platformadan gəlir əldə etmək üçün müxtəlif imkanlar təqdim edirdi. Bunlara konsert biletlərinin satışı və sifariş əsasında vinil plastinkaların hazırlanması daxildir. Yeni funksiya isə musiqiçilərə rəqəmsal musiqilərini birbaşa pərəstişkarlarına satmaq imkanı yaradacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...