SpaceX batareyalı Starlink Mini hazırlayır
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, SpaceX-in yaxın zamanda daxili batareya ilə təchiz edilmiş yeni Starlink Mini modelini təqdim edə biləcəyi iddia olunur. Son "firmware" yeniləməsində aşkar edilən kod sətirləri şirkətin inteqrasiya olunmuş batareyaya malik, tam portativ peyk internet cihazı üzərində işlədiyini göstərir.
Məlumata görə, firmware-də “DishBatteryStats” adlı kod sətri aşkar edilib. Bu hissə batareyanın enerji səviyyəsi, doldurulma vəziyyəti və digər göstəricilərini izləməyə imkan verir. Mütəxəssislər bildirirlər ki, əgər cihaz sadəcə xarici powerbank ilə işləsəydi, Starlink sistemi batareyanın vəziyyətini bu qədər detallı şəkildə oxuya bilməzdi.
Kodlarda həmçinin üç fərqli enerji rejiminə işarə edən hissələr də yer alıb. Bu isə cihazın həm USB-C enerji mənbəyi ilə, həm daxili batareya ilə, həm də hər iki rejimi eyni anda dəstəkləyə biləcəyini göstərir. Bu yanaşma batareyanın ömrünü uzatmağa və uzunmüddətli istifadəni təmin etməyə kömək edə bilər. Hazırda bazarda olan Starlink Mini modeli işləmək üçün elektrik şəbəkəsinə və ya xarici batareyaya qoşulmalıdır. İstifadəçilər üçün əlavə batareya aksesuarları mövcud olsa da, bunlar həm bahalıdır, həm də əlavə proqram təminatı tələb edir.
Paylaş