Spotify artıq jurnal məqalələrini də səsləndirəcək
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Spotify musiqi və podkastlardan sonra indi də jurnal məqalələrini audio formatda təqdim etməyə başlayıb. Şirkət yeni funksiyası ilə istifadəçilərə uzun məqalələri dinləmə imkanı yaradıb.
Yeni funksiyanın istifadəyə verilməsi ilə birlikdə artıq 650-dən çox məqalə Spotify platformasında audio formatda əlçatan olub. Bu məqalələr Rolling Stone, The Atlantic, Vogue, Variety, Billboard, Vibe, GQ, Wired, Vanity Fair və Pitchfork kimi məşhur nəşrlərdən götürülüb. Xidmət ilkin mərhələdə Spotify audiokitablarının mövcud olduğu regionlarda ingilis dilində istifadəyə verilib.
Spotify bildirir ki, audio məqalələrin uzunluğu 2 saatdan az olacaq və Premium istifadəçilər üçün aylıq audiokitab limitinə daxil ediləcək. Abunəliyi olmayan istifadəçilər isə istədikləri məqaləni ayrıca satın ala biləcəklər. Bir məqalənin qiyməti 1,99 dollar olaraq müəyyən edilib. Şirkətin açıqlamasına görə, məqalələrin səsləndirilməsi həm insan səsi, həm də süni intellekt əsaslı rəqəmsal səslər vasitəsilə həyata keçiriləcək. Süni intellektlə səsləndirilən məqalələr platformada ayrıca işarələnəcək. Spotify hesab edir ki, bu addım istifadəçilərin uzun məzmunları daha rahat istehlak etməsinə kömək edəcək və audiokitab ekosisteminin inkişafına dəstək olacaq.
Paylaş