Spotify fiziki kitab satışına başlayır
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Spotify istifadəçiləri qiymət artımlarından narazı qalsa da, kitabsevərlər üçün platformada diqqətçəkən yeniliklər var. Şirkət audiokitab biznesini genişləndirərək ilk dəfə fiziki kitab satışına start verdiyini açıqlayıb.
ABŞ və Böyük Britaniyada yaşayan istifadəçilər yaxın vaxtlarda sevdikləri audiokitabların çap versiyalarını birbaşa Spotify tətbiqi üzərindən ala biləcəklər. Bu addım Spotify-ın yalnız rəqəmsal platforma imicindən çıxaraq Amazon və Barnes & Noble kimi böyük kitab satıcıları ilə rəqabətə girməsi mənasına gəlir.
Spotify eyni zamanda audiokitab təcrübəsini daha rahat edən iki yeni funksiya təqdim edib. Bunlardan biri olan “Page Match” istifadəçilərə fiziki və ya elektron kitabdakı bir səhifəni telefon kamerası ilə skan edərək audiokitabda dəqiq həmin hissəyə keçməyə imkan verir. Funksiya Spotify-ın daxili və üçüncü tərəf görüntü tanıma texnologiyaları ilə işləyir.
Digər yenilik isə “Audiobook Recaps” funksiyasıdır. Əvvəllər yalnız iOS istifadəçiləri üçün əlçatan olan bu xüsusiyyət yaz aylarında Android cihazlara da gələcək. Funksiya istifadəçinin son dinlədiyi hissəyə uyğun qısa xülasələr təqdim edir.
Fiziki kitab satışı Bookshop.org ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Bu isə müstəqil və yerli kitab mağazaları üçün müsbət xəbərdir, çünki Spotify üzərindən edilən hər alış birbaşa bu mağazalara dəstək olacaq. Tətbiqdə audiokitab səhifələrində görünəcək “Add to your bookshelf at home” düyməsi istifadəçini Bookshop-un saytına yönləndirəcək, qiymət və çatdırılma prosesini isə Bookshop özü idarə edəcək.
Paylaş