Spotify planşetlər üçün tamamilə yeni dizayn təqdim etdi
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Spotify planşet istifadəçiləri üçün tətbiq dizaynını yenilədiyini açıqlayıb. Şirkət artıq iPad və Android planşetlərdə tamamilə planşetlərə uyğunlaşdırılmış yeni istifadəçi interfeysini istifadəyə verib.
Yenilənmə ilə birlikdə tətbiq artıq cihazın tutulma istiqamətinə uyğun olaraq avtomatik dəyişən adaptiv dizayna sahib olacaq. Belə ki, Spotify bundan sonra sadəcə ekranı böyütmək əvəzinə portret və landşaft rejimləri üçün ayrıca optimallaşdırılmış görünüş təqdim edir. Yeni interfeysin əsas yeniliklərindən biri yığılıb-açılan yan menyunun əlavə olunmasıdır. Bu funksiya istifadəçilərə musiqi videosu və ya podkast izləyərkən ekranın boş sahəsindən daha səmərəli istifadə etməyə imkan verəcək.
Bundan əlavə, paralel baxış funksiyası sayəsində istifadəçilər videoya və ya mahnı sözlərinə baxarkən eyni anda tətbiqin digər bölmələrində gəzinə biləcəklər. Spotify həmçinin “videoya keç” düyməsini də daha görünən mövqeyə daşıyıb. Qeyd edək ki, yeni dizayn ilin əvvəlindən bəzi istifadəçilər arasında test edilirdi. Spotify bildirib ki, yenilənmiş interfeys bugündən etibarən bütün iPad və Android planşetlər üçün mərhələli şəkildə yayımlanmağa başlayıb.
Paylaş