Spotify pleylistlərə şəxsi qeydlər əlavə etmək imkanı verir
Spotify “Playlist Notes” adlı yeni funksiyasını təqdim edib. Bu funksiya istifadəçilərə yaratdıqları pleylistlərdə mahnı, podkast və audiokitab seçimlərinə şəxsi qeydlər əlavə etməyə imkan verir. Yeni funksiya Spotify-ın ötən ay istifadəyə verdiyi “User Notes” imkanının davamıdır. Əvvəlki funksiya ilə ayrı-ayrı mahnılara şəxsi qeydlər əlavə etmək mümkün idisə, “Playlist Notes” pleylist daxilindəki seçimlərin arxasındakı fikri və ya hekayəni digər dinləyicilərlə bölüşməyə imkan yaradır.
Məsələn, istifadəçi müəyyən mahnının ona hansısa insanı və ya xatirəni yada saldığını yaza, yaxud həmin mahnını niyə pleylistə əlavə etdiyini izah edə bilər. Qeyd əlavə etmək üçün Spotify-ın mobil tətbiqində istifadəçinin özünəməxsus və ya ortaq idarə etdiyi pleylist açılmalıdır. Daha sonra mahnı, podkast və ya audiokitabın yanındakı üç nöqtəyə toxunaraq “Add note” seçimini seçmək mümkündür. Əlavə edilən qeydləri pleylistə baxışı olan digər istifadəçilər də görə biləcəklər.
Spotify bu funksiyanı yalnız istifadəçi pleylistləri ilə məhdudlaşdırmır. Şirkətin musiqi redaktorları da rəsmi Spotify pleylistlərində müəyyən mahnıları niyə seçdiklərini izah edən qeydlər paylaşa biləcəklər. Funksiya ilkin mərhələdə “Today’s Top Hits”, “RapCaviar”, “Hot Country”, “All New Pop” və “Fresh Finds Hip-Hop” kimi məşhur pleylistlərdə görünəcək.
Paylaş