Spotify yeni “Reserved by Spotify” bilet sistemini istifadəyə verdi
Spotify yeni funksiyası olan “Reserved by Spotify” sistemini rəsmi olaraq istifadəyə verib. Yeni sistem seçilmiş ən aktiv dinləyiciləri müəyyən edərək, onların sevdiyi sənətçilərin konsertlərinə ümumi satış başlamazdan əvvəl 2 bilet ayırır.
Funksiya ilk mərhələdə ABŞ-də yalnız Premium istifadəçilər (18+ yaş) üçün aktiv edilib. İlk tərəfdaş sənətçi isə Role Model olub və onun ABŞ turu çərçivəsində 17 şəhərdə keçiriləcək konsertləri üçün bu sistem tətbiq edilir. Seçilmiş fanatlar 23 iyundan etibarən bildiriş almağa başlayacaq və ümumi satışdan əvvəl bilet alma imkanı qazanacaqlar.
Şirkətin məqsədi botlar və avtomatik sistemlər vasitəsilə biletlərin kütləvi şəkildə alınmasının qarşısını almaq və real dinləyicilərə üstünlük verməkdir. Seçim zamanı istifadəçinin dinləmə fəaliyyəti, paylaşım və tətbiq daxilində aktivliyi nəzərə alınır. Eyni zamanda, yalnız musiqini arxa planda dinləmək bu sistemdə üstünlük qazandırmır.
Spotify həmçinin istifadəçinin yerləşdiyi məkanı da nəzərə alaraq, yalnız konsertə yaxın olan fanatlara təklif göndərir. Lakin şirkət bildirir ki, bütün superfanslara hər dəfə bilet təklifi düşməyə bilər, çünki tələb yerlərdən çox ola bilər.
Paylaş