Starlink-in yeni V5 antenası təqdim olundu
SpaceX Starlink peyk interneti üçün hazırladığı yeni Starlink V5 antenasını seçilmiş regionlarda istifadəyə verib. Yeni model əvvəlki V4 antenası ilə müqayisədə daha kompakt ölçülərə, daha aşağı enerji sərfiyyatına və daha yüngül konstruksiyaya malikdir. Şirkətin məlumatına görə, Starlink V5 hazırda yalnız bəzi bölgələrdə satışdadır və istehsal gücü artırıldıqca daha çox ölkədə əlçatan olacaq. Texniki göstəricilərə əsasən, Starlink V5 antenasının ölçüləri 384 × 306 × 34 mm, çəkisi isə cəmi 1,1 kq təşkil edir. Müqayisə üçün, əvvəlki V4 modeli 594 × 383 × 39,7 mm ölçülərində və 2,9 kq ağırlığında idi. Bu da yeni antenanın həm daşınmasını, həm də quraşdırılmasını xeyli asanlaşdırır.
Enerji səmərəliliyi də nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılıb. V4 modeli orta hesabla 75–100 Vt enerji sərf etdiyi halda, V5-də bu göstərici 35–50 Vt arasındadır. Bu isə xüsusilə günəş enerjisi və ya məhdud elektrik resurslarından istifadə edən istifadəçilər üçün mühüm üstünlük hesab olunur. Bununla belə, yeni modeldə nəzəri maksimal yükləmə sürəti bir qədər azalıb. Starlink V4 400 Mbit/s-dən yuxarı yükləmə sürəti təqdim etdiyi halda, V5 üçün bu göstərici 375 Mbit/s-dən yuxarı göstərilir. SpaceX qeyd edir ki, real internet sürəti istifadə olunan tarif planı, şəbəkə yüklənməsi və region kimi amillərdən asılı olaraq dəyişə bilər.
Paylaş