Logo
    main-post-cover

    Starlink peyki orbitdə partlayıb

    Cihazlar+
    19.12.2025
    Sevinc
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, SpaceX Starlink peyklərindən birində ciddi texniki nasazlıq baş verdiyini və bunun kiçik miqyaslı partlayışla nəticələndiyini açıqlayıb. Şirkətin X platformasında yaydığı məlumata görə, hadisə peykin mühərrik sistemindəki yanacaq çəninin boşalmasına səbəb olub və nəticədə peykin orbitində təxminən 4 kilometr azalma müşahidə edilib.
        Starlink-in bildirdiyinə görə, insident zamanı nisbətən aşağı sürətlə hərəkət edən və radarlarla izlənilə bilən az sayda kosmik fraqment yaranıb. Orbital müşahidə şirkəti LeoLabs isə problemin başqa bir kosmik obyektlə toqquşma nəticəsində deyil, peykin daxilindəki enerjili mənbədən qaynaqlandığını qiymətləndirib. SpaceX hazırda NASA və ABŞ Kosmik Qüvvələri ilə birlikdə peykin qalıqlarını izləyir. Şirkət bildirir ki, peyk əsasən bütöv vəziyyətdədir, lakin nəzarətsiz şəkildə fırlanır və bir neçə həftə ərzində Yer atmosferinə daxil olaraq tamamilə yanacaq. Onun trayektoriyası Beynəlxalq Kosmik Stansiyadan (ISS) xeyli aşağıda yerləşdiyi üçün stansiya və ekipaj üçün heç bir təhlükə yaratmır.
    Paylaş