Starlink və Çin peyki son anda toqquşmadan xilas olub
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, keçən həftə Yerə yaxın orbitdə ciddi bir kosmik toqquşmanın qarşısı son anda alınıb. Yeni buraxılmış Çin peyki təxminən 9 minə yaxın Starlink peykindən biri ilə cəmi 200 metr məsafədə yaxınlaşıb. Hadisə alçaq Yer orbitində baş verib və SpaceX bu təhlükəli vəziyyətə görə peyk operatorunu məlumat paylaşmamaqda ittiham edib.
Starlink-in mühəndislik üzrə vitse-prezidenti Maykl Nikolls bildirib ki, peyk operatorları orbit və trayektoriya məlumatlarını (ephemeris) paylaşmadıqda kosmosda təhlükəli yaxınlaşmalar qaçılmaz olur. Onun sözlərinə görə, bir neçə gün əvvəl Çinin şimal-qərbində yerləşən Jiuquan Peyk Buraxılış Mərkəzindən 9 peyk orbitə çıxarılıb və mövcud peyklərlə heç bir koordinasiya aparılmayıb. Nəticədə həmin peyklərdən biri STARLINK-6079 ilə 560 km yüksəklikdə kritik məsafəyə qədər yaxınlaşıb. Starlink peykləri avtomatik manevr sistemi ilə toqquşmalardan yayınmaq imkanına malikdir. Lakin bunun üçün yaxınlaşan obyekt barədə əvvəlcədən məlumat tələb olunur. Təkcə 2025-ci ilin ilk 6 ayında Starlink peykləri 144 mindən çox yayınma manevri həyata keçirib.
Hadisədə adı hallanan peyk Çinin CAS Space şirkəti tərəfindən buraxılıb. Şirkət SpaceX-in ittihamlarına cavab olaraq bildirib ki, bütün buraxılış pəncərələri yerüstü kosmik müşahidə sistemləri vasitəsilə müəyyən edilir və bu prosedur məcburidir. Eyni zamanda CAS Space qeyd edib ki, təhlükəli yaxınlaşma peyklərin ayrılmasından təxminən 48 saat sonra, yəni buraxılış missiyası artıq başa çatdıqdan sonra baş verib. Hazırda alçaq Yer orbitində 24 mindən çox peyk və kosmik tullantı izlənilir ki, bu da 2019-cu illə müqayisədə 76 % artım deməkdir. Ekspertlər bildirir ki, onilliyin sonuna qədər bu rəqəm 70 minə çata bilər. Peyklərin böyük hissəsi ABŞ, Çin və Avropa tərəfindən yaradılan peyk interneti konstellasiyalarına məxsusdur.
Paylaş