Stripe PayPal-ı almaq üçün danışıqlar aparır
Stripe investisiya şirkəti Advent International ilə birlikdə PayPal-ı satın almaq üçün danışıqlar aparır. “The Wall Street Journal”ın məlumatına görə, tərəflər arasında razılaşma əldə olunarsa, satınalma yaxın həftələrdə elan edilə bilər. Məlumata əsasən, Stripe və Advent iyul ayında PayPal üçün hər səhmə 60,50 dollar təklif edib. Bu təklif şirkətin ümumi dəyərini təxminən 53 milyard dollar səviyyəsində qiymətləndirirdi. Lakin PayPal rəhbərliyi həmin məbləği kifayət hesab etməyib və təklifi qəbul etməyib.
Təklifin edildiyi dövrdə PayPal-ın bazar dəyəri təxminən 40 milyard dollar idi. Müqayisə üçün, COVID-19 pandemiyası dövründə onlayn ödənişlərin sürətlə artması fonunda şirkətin bazar dəyəri bir vaxtlar təxminən 360 milyard dollara qədər yüksəlmişdi. Hazırda tərəflərin daha yüksək qiymət üzərində danışıqlar apardığı bildirilir. Danışıqların nəticəsiz başa çatması ehtimalı da qalır. Lakin razılıq əldə edilərsə, sövdələşmənin yaxın həftələrdə açıqlanması mümkündür. Reuters-in daha əvvəl yaydığı məlumata görə, satınalma baş tutarsa, Stripe və Advent PayPal-da bərabər paya sahib olaraq şirkətin ortaq sahiblərinə çevriləcəklər. PayPal-ın ayrı-ayrı hissələrə bölünərək satılması isə nəzərdə tutulmur.
Belə bir sövdələşmə Stripe-ı dünyanın ən böyük onlayn ödəniş şirkətlərindən birinə çevirə bilər. Stripe və PayPal birlikdə ildə təxminən 3,7 trilyon dollar həcmində ödəniş emal edə bilər. PayPal mart ayında Enrique Lores-i yeni baş direktor təyin edib. Lores şirkətin fəaliyyətini yenidən quraraq biznesi üç əsas istiqamətə, onlayn ödəniş sistemi, Venmo, həmçinin ödəniş və kriptovalyuta xidmətlərinə bölüb. Stripe-ın PayPal-ı alması həmçinin şirkətin Visa və Mastercard-dan asılılığını müəyyən qədər azalda bilər. Eyni zamanda Stripe, PayPal-ın ödəniş infrastrukturu, Venmo xidməti və kriptovalyuta funksiyalarını öz ekosisteminə inteqrasiya etmək imkanı əldə edə bilər.
Paylaş
