Substack TV tətbiqini işə salır
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Substack Apple TV və Google TV üçün yeni tətbiqlərini təqdim etdiyini açıqlayıb. Yeni TV tətbiqi istifadəçilərə izlədikləri müəlliflərin video məzmunlarını və canlı yayımlarını televizor üzərindən izləmək imkanı verir. Bununla yanaşı, tətbiqdə “For You” adlı tövsiyə əsaslı bir lent də olacaq və burada istifadəçinin izləmədiyi yaradıcıların məzmunları da göstəriləcək.
Tətbiq həm pulsuz, həm də ödənişli abunəçilər üçün əlçatandır. Şirkət yaxın gələcəkdə audio məzmunun və əlavə kəşf funksiyalarının da tətbiqə daxil ediləcəyini bildirir. Lakin elan edildikdən qısa müddət sonra Substack-in rəsmi bloqundakı şərhlər platformanın bu istiqamətindən hamının məmnun olmadığını göstərib. Bir çox yazıçı Substack-in əsas kimliyindən uzaqlaşdığını düşünür. Şərhlərdə “Substack niyə yazıdan uzaqlaşır?”, “Bura YouTube deyil, yazılı sözü önə çıxarın” kimi narazılıqlar səsləndirilib. Bununla belə, az da olsa yeni funksiyaları müsbət qarşılayan istifadəçilər də var.
Bu reaksiyalar Substack-in ilk dövrlərindən bəri mövcud olan bir qorxunu yenidən gündəmə gətirir: platforma artıq yazını əsas prioritet kimi görmür. Son illərdə Substack video və canlı yayım imkanları əlavə edib, X tipli “Notes” funksiyasını istifadəyə verib və TikTok yaradıcılarını cəlb etmək üçün 20 milyon dollarlıq büdcə ayıracağını açıqlayıb.
Paylaş
Bənzər xəbərlər