Tecno dünyada ilk tam çərçivəsiz smartfonu hazırlayıb
Tecno IFA 2026 sərgisində yeni konsept smartfonunu nümayiş etdirəcək. Şirkətin iddiasına görə, bu cihaz smartfon bazarında ilk dəfə tamamilə çərçivəsiz 0 mm ekran kənarına sahib olacaq. Son illərdə istehsalçılar smartfon ekranlarının ətrafındakı çərçivələri getdikcə kiçildirlər. Apple və Samsung-un flaqman modellərində ekran ön səthin təxminən 90 %-ni əhatə etdiyi halda, Xiaomi və Honor kimi istehsalçılar bəzi modellərdə bu göstəricini 95 %-ə qədər yüksəldə biliblər.
Tecno isə ekranla korpus arasındakı görünən sərhədi tamamilə aradan qaldırmaq istəyir. Şirkət bildirir ki, bunun üçün ekranın daxili quruluşu yenidən hazırlanıb, komponentlərin yerləşdirilməsi və ekranın qablaşdırılması üçün yeni texnologiyalardan istifadə olunub. Nəticədə daxili elektronika və təhlükəsizlik üçün əvvəllər tələb olunan son millimetrlik sahənin də aradan qaldırıldığı iddia edilir. Tecno ekranın kənarını 0 mikron, yəni 0 mm olaraq göstərir. Əgər şirkətin iddiası real cihazda öz təsdiqini tapsa, bu, həqiqətən də tam çərçivəsiz ekrana malik ilk smartfonlardan biri ola bilər. Lakin cihaz hələlik yalnız konseptdir. Tam çərçivəsiz ekranın gündəlik istifadədə təsadüfi toxunuşlar və telefonu əldə tutarkən sensor həssaslığı kimi problemlər yaradıb-yaratmayacağı da maraq doğurur.
Paylaş
