
Təqdimata az müddət qalmış Honor 80 barəsində məlumatlar ortaya çıxıb
Sabah Honor şirkəti qatlana bilən yeni Magic Vs smartfonu ilə yanaşı həmçinin Honor 80 smartfon seriyasını da təqdim edəcək. Gözləntilərə əsasən sözügedən seriyaya Honor 80, Honor 80 Pro və Honor 80 SE modelləri daxil olacaqlar. İndi isə internetdə adi Honor 80-in sahib olacağı texniki özəlliklər və satış qiyməti barəsində məlumatlar ortaya çıxıb. Adi Honor 80 modeli digər Honor 80 modellərindən fərqli olaraq orta səviyyəli texniki özəlliklər təklif edəcək. Lakin bununla belə onun satış qiyməti də digərləri ilə müqayisədə daha aşağı olacaq.
Beləliklə məlumata əsasən Honor 80 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli AMOLED ekran ilə təchiz olunacaq. Ekranın yuarı mərkəz hissəsində isə ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşəcək. Smartfon Snapdragon 782G prosessoru vasitəsilə çalışacaq və özündə 12 GB RAM ilə 512 GB daxili yaddaş həcmini birləşdirəcək. Daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, Honor 80 modellərindən biri 160 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq.
Lakin həmin model Honor 80 olmayacaq. Məlumatda qeyd edilib ki, Honor 80-in əsas arxa kamerası Sony şirkətinin istehsalı olan kamera obyektivi olacaq. Lakin smartfonda reallaşdırılacaq əsas arxa kameranın MP göstəricisi barəsində məlumat yoxdur. Bununla yanaşı Honor 80 modeli 50 MP + 50 MP ikili ön kamera ilə təchiz olunmalıdır. Çox güman ki, smartfon 66 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Satış qiymətinə gəldikdə isə Honor 80 üçün o, 420$-dan start götürəcək.
Paylaş
Bənzər xəbərlər