
Təqdimata hazırlaşan Google Pixel Watch 4-ün texniki imkanları ortaya çıxıb
Google artıq Made by Google adlı tədbirinin keçiriləcəyi tarixi açıqlayıb. Tədbir 20 avqust tarixində baş tutacaq. Sözügedən tədbir çərçivəsində Pixel 10 smartfon seriyası ilə yanaşı Pixel Watch 4 ağıllı saatı da təqdim olunmalıdır. İndi isə internetdə bu yeni ağıllı saat barəsində məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara inansaq, Pixel Watch 4 ağıllı saatı iki versiyada təqdim olunacaq. Birinci versiya 41 mm gövdə ölçüsünə, ikinci versiya isə 45 mm gövdə ölçüsünə sahib olacaq. Hər iki versiya Snapdragon W5+ Gen 1 prosessoru vasitəsilə çalışacaq.

Qeyd etmək lazımdır ki, bu prosessor daha öncəki Pixel Watch modellərində də istifadə edilir. Məlumata əsasən Pixel Watch 4 ağıllı saatı 1 Hz-dən 60 Hz-ə kimi təsvir yenilənməsinə sahib Actua AMOLED LTPO ekranla təchiz olunacaq və ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edəcək. Ağıllı saatın əsas fərqləndirici özəlliklərindən biri də M55 adlı köməkçi prosessor olacaq. Bu prosessor minimal enerji sərfiyyatı çərçivəsində süni zəka ilə bağlı 5 dəfə daha çox tapşırığın yerinə yetirilməsini təmin edir.
Pixel Watch 4-də Gemini köməkçisinin istifadəyə veriləcəyini nəzərə alsaq, bu, olduqca aktual bir özəllikdir. Məlumatda qeyd edilib ki, ağıllı saatın 41 mm gövdə ölçüsünə sahib versiyası 325 mAh enerji tutumlu batareya ilə, 45 mm gövdə ölçüsünə sahib versiyası isə 455 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Nəticədə 41 mm-lik versiya daimi aktiv ekran rejimi çərçivəsində 30 saat ərzində, enerjiyə qənaət rejimi çərçivəsində 48 saat ərzində çalışa biləcək. 45 mm-lik versiyaya gəldikdə, o, daimi aktiv ekran rejimi çərçivəsində 40 saat ərzində, enerjiyə qənaət rejimi çərçivəsində 72 saat ərzində çalışa biləcək.
Paylaş