Logo
    main-post-cover

    Təqdimatdan 1 gün öncə iPhone 14-lərin texniki özəllikləri və satış qiymətləri ortaya çıxıb

    Cihazlar+
    05.09.2022
    Emil
        iPhone 14 smartfon seriyasının təqdimatına 1 gün qalmış internetdə kütləvi informasiya vasitələri üçün nəzərdə tutulmuş materiallar artıq hazırdır. Həmin materiallardan birinin fotosu isə internetdə ortaya çıxıb. Ortaya çıxmış fotoda sabahkı təqdimat çərçivəsində təqdim ediləcək yeni iPhone modellərinin adları, texniki özəllikləri və satış qiymətləri əks olunub. Əgər ortaya çıxmış foto həqiqəti əks etdirirsə, deməli Apple sabah iPhone 14, iPhone 14 Plus, iPhone 14 Pro iPhone 14 Pro Max smartfonlarını təqdim edəcək. Daha əvvəlki məlumat sızıntılarından da görmək olar ki, şirkət iPhone mini modelindən imtina edib. Fotonu təqdim etmiş mənbə Çində yerləşdiyi üçün fotodakı qiymətlər yuan ilə təqdim olunublar. Lakin satış qiymətlərinin dollara konvertasiyası nəticəsində görmək olar ki, 6.1 düym ekrana və 128 GB daxili yaddaşa sahib olacaq iPhone 14 modeli 970$-a satılacaq.
        Bununla yanaşı məlumatda qeyd edilib ki, sözügedən iPhone modeli A15 Bionic prosessoru və 6 GB RAM ilə təchiz olunacaq. Maraqlısı ondadır ki, adi iPhone 14-ün batareya həcmi iPhone 14 Pro-nun batareya həcmindən daha böyük olacaq. Belə ki, iPhone 14 Pro-nun 3200 mAh enerji tutumlu batareyaya sahib olacağı bir vaxtda adi iPhone 14 modeli 3279 mAh enerji tutumlu batareyaya sahib olacaq. Smartfonda yeganə giriş kimi Lightning istifadə olunacaq və onun əsas arxa kamerası 12 MP-lik olacaq. Fotodan həmçinin görmək olar ki, iPhone 14 Pro modellərinin ön panellərində xarici görünüş dəyişikliyi olacaq. Belə ki, sözügedən smartfonların ekranlarında 2 ədəd çıxıntı hissə yerləşəcək. Onlardan biri dairəvi, digəri isə oval formada olacaq. Lakin Bloomberg-in verdiyi son məlumata əsasən iPhone 14 Pro modellərinin ekranlarında əslində 2 ədəd dairəvi çıxıntı hissə olacaq.
        Sadəcə olaraq üçüncü dairəvi çıxıntı proqram təminatı səviyyəsində rellaşdırılacaq və o, digər dairəvi çıxıntı ilə birləşərək oval formanı yaradacaq. Bloomberg-in məlumatında qeyd edilmişdi ki, proqram təminatı səviyyəsində reallaşdırılacaq dairəvi çıxıntı kamera indikatoru və mikrofon üçün istifadə ediləcək. Qalan vaxtda isə həmin çıxıntı deaktiv şəkildə olacaq. iPhone 14 Pro modellərində olacaq daha bir yenilik isə onların 48 MP-lik əsas arxa kamera ilə təchiz olunacaqlarıdır. Bundan əlavə olaraq təqdim edilmiş fotoda qeyd edilib ki, iPhone 14 Pro modelləri A16 Bionic prosessoruna sahib olacaqlar. Qeyd etmək lazımdır ki, iPhone 14 smartfon seriyası artıq sabah təqdim olunacaq. Təqdimat çərçivəsində həmçinin Apple Watch 8 smart saat seriyasının da təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər